AZƏRBAYCAN – İNDONEZİYA ƏLAQƏLƏRİ MÖHKƏMLƏNİR

XƏBƏRLƏR
17 fevral 2016 | 05:02   
Paylaşın:        

Fevralın 17-də Milli Məclis Sədrinin müavini, Təbii  ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovun ölkəmizdə səfərdə olan İndoneziya Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın  başçılıq  etdiyi nümayəndə  heyəti ilə görüşü oldu. 
Qonaqları salamlayan vitse-spiker Azərbaycanla İndoneziya arasında əlaqələrin yüksək səviyyədə olduğunu dedi. O, bu münasibətlərin möhkəmlənməsində dövlət və hökümət rəsmilərinin qarşılıqlı səfərlərinin xüsusi rolu olduğunu  vurğuladı.
Sonra  Valeh Ələsgərov  bildirdi ki,  Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir. Ölkəmizin öz enerji təhlükəsizliyini təmin etmək baxımından böyük potensialı var. Amma xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi bu inkişafa  maneçilik  törədir. Qeyd  olundu ki, bu münaqişədə minlərlə insan şəhid olub və ya hər  hansı formada zərər çəkib, ölkədə bir  milyondan  artıq  qaçqın və məcburi  köçkün  var. İşğalçılıq  siyasətini  davam  etdirən Ermənistan  beynəlxalq  təşkilatların – BMT-nin, AŞPA-nın, ATƏT-in, İKT-nin  Azərbaycan  torpaqlarını qeyd-şərtsiz azad  edilməsi ilə bağlı qətnamə və qərarlarına  məhəl  qoymur. Münaqişə nəinki, Azərbaycanın, bütövlükdə  regionun  təhlükəsizliyini təhdid  edir. 
Sonra görüşdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycan – İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri  Bəxtiyar Əliyev münasibətlərin  genişlənməsində  hər iki ölkənin  parlamentində mövcud olan  dostluq   qruplarının  fəaliyyətindən söz  açdı, qarşılıqlı  səfərlərin əhəmiyyətini vurğuladı.
İndoneziya Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzah səmimi görüş və qonaqpərvərlik üçün minnətdarlığını bildirdi. Qeyd olundu ki, xalqlarımız arasındakı qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün əsaslı zəmin var. Qonaq  öz  ölkəsinin  Azərbaycanla əməkdaşlığı daha da inkişaf  etdirməyə böyük maraq göstərdiyini söylədi.
Fahri Hamzah İndoneziyanın Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəklədiyini,  öz  ölkəsinin bundan sonra da bu istiqamətdə diplomatik səylərini davam etdirəcəyini dedi.
Görüşdə qarşılıqlı maraq  doğuran bir  sıra  məsələlər barədə fikir mübadiləsi  aparıldı.


Milli Məclisin
Mətbuat  xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU