AŞPA PREZİDENTİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
29 fevral 2016 | 05:02   
Paylaşın:        

Fevralın 29-da Milli Məclisin Avropa Şurası Parlament  Assambleyasındakı   nümayəndə  heyəti üzvlərinin  ölkəmizdə  səfərdə olan qurumun yeni prezidenti Pedro Aqramunt  ilə görüşü oldu.
Qonağı salamlayan parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr  komitəsinin sədri, nümayəndə  heyətinin rəhbəri  Səməd Seyidov Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə  yetirməsindən,  qurumla uğurlu əməkdaşlıqdan söz açdı. O, Pedro Aqramuntu qurumun  prezidenti  kimi yüksək  və məsuliyyətli  vəzifəyə  seçilməsi  münasibəti ilə nümayəndə  heyətinin üzvləri  adından  təbrik  etdi. Qonağa gələcək  fəaliyyətində  uğurlar  arzulayan komitə  sədri bu təyinatın AŞPA-nın işinə yeni nəfəs  gətirəcəyinə ümidvar  olduğunu vurğuladı. Səməd  Seyidov  Pedro Aqramuntun  uzun illər qurumun  müxtəlif  regionlar  üzrə  məruzəçisi  vəzifəsində  işlədiyini  xatırladaraq, onun  hər  zaman öz  işinə   humanist  prinsiplərlə, ədalət hissi ilə  yanaşdığını  dedi. Bundan  sonra  da   eyni  dəyərlər  uğrunda   qarşılıqlı əməkdaşlığın  uğurlu  olacağına  əminliyini bildirdi.
AŞPA-nın yeni prezidenti Pedro Aqramunt səmimi görüşə və onun  haqqında  deyilən yüksək  fikirlərə  görə minnətdarlığını  bildirdi. Qeyd etdi ki, səfərinin  məqsədi yeni  vəzifəsi  ilə əlaqədar  ölkədəki mövcud  durumla  daha  yaxından  tanışlıq olmaq və əməkdaşlığı inkişaf  etdirməkdir.
Söhbətdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regionda və dünyada sülhün bərqərar olması üçün atılan addımlar, bu istiqamətdə səylərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə  millət  vəkilləri Rəfael Hüseynov, Sevinc Fətəliyeva, Vüsal Əliyev, Sahibə Qafarova, Sabir Hacıyev, Elşən Musayev, Müslüm Məmmədov, Avropa  Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç  və  digər  rəsmi şəxslər  iştirak  edirdilər.


Milli Məclisin
Mətbuat  xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU