MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
17 mart 2016 | 05:03   
Paylaşın:        

Martın 17-də Milli Məclis Sədrinin müavini, ATƏT PA-da parlament nümayəndə heyətimizin rəhbəri Bahar Muradova ölkəmizdə səfərdə olan ATƏT sədrliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Bexlerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Görüşdə Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel də iştirak edirdi.
Azərbaycanla ATƏT arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edən vitse-spiker bildirdi ki, bütün beynəlxalq təşkilatlarla əməkdaşlığa mühüm əhəmiyyət verən ölkəmiz ATƏT dəyərlərinə sadiqdir və bu qurumla əlaqələrin inkişafında maraqlıdır. Hazırda dünya miqyasında münaqişələrin ciddi xarakter aldığını vurğulayan Bahar Muradova qonaqların nəzərinə çatdırdı ki, Almaniyanın ATƏT-ə sədrliyi dövründə dünyada, o cümlədən Cənubi Qafqazda mövcud olan münaqişələrin həlli istiqamətində atacağı addımlar bizim üçün çox vacibdir. İllərdən bəri Dağlıq Qarabağ problemindən əziyyət çəkən Azərbaycan bu məsələdə hər zaman öz qətiyyətli mövqeyini açıqlayıb.
Görüşdə Günter Bexler bildirdi ki, biz ATƏT-in fəaliyyətini gücləndirmək niyyətindəyik. Çünki dünyada baş verən münaqişələr qurumu yeni addımlar atmağa vadar edir. Hazırda bu istiqamətdə təhlillər aparır və harada hansı işləri görə biləcəyimizi, hansı addımların özünü doğruldacağını müəyyənləşdirməyə çalışırıq. ATƏT sədrliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi qeyd etdi ki, hər şeydən öncə münaqişələr tərəflərin razılığı əsasında həllini tapa bilər.
Görüşdə Azərbaycan-ATƏT əməkdaşlığının inkişafı, regional problemlər, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səmərəli fikir mübadiləsi aparıldı.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU