MDB PA-nın DAİMİ KOMİSSİYALARINDA

XƏBƏRLƏR
11 aprel 2016 | 05:04   
Paylaşın:        

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının daimi  komissiyalarının iclaslarında iştirak etmək üçün Milli Məclisin bir qrup deputatı aprelin 13-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.
Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə qurumun Sosial siyasət və insan hüquqları daimi komissiyasının iclasında iştirak edəcək. O, bu komissiyanın sədri qismində iclası açaraq, gündəlikdəki məsələlər barədə məlumat verəcək. Arif Rəhimzadə, eyni zamanda, MDB-nin  2016-2020-ci illər üzrə perspektiv model qanunvericilik planına təkliflər barədə və MDB PA-nın Sosial siyasət və insan hüquqları daimi komissiyasının təşəbbüsü ilə qurum tərəfindən qəbul olunmuş model qanunvericilik aktlarından istifadə edilməsi ilə bağlı məruzələrlə çıxış edəcək. Tədbirdə, həmçinin, “Tibbi sığorta haqqında” model qanun layihəsinə baxılacaq.
Deputatlar Rüstəm Xəlilov və Malik Həsənov İqtisadiyyat və maliyyə məsələləri daimi komissiyasının yığıncağında iştirak edəcəklər. Tədbirdə    “Publik-fərdi tərəfdaşlıq haqqında”, “Xarici ticarət fəaliyyətinin tənzimlənməsi haqqında”, “Qiymətqoymanın dövlət tərəfindən tənzimlənməsi barədə” model qanunların, Kosmik məkanın dinc məqsədlərlə öyrənilməsi və istifadə edilməsi sahəsində əməkdaşlığa dair MDB Konvensiyasının layihələri müzakirə olunacaq.
Millət vəkili Bəxtiyar Əliyev qurumun Elm və təhsil üzrə daimi komissiyasının iclasına qatılacaq. İclasın gündəliyinə “Böyüklərin təhsili haqqında”, “Ekspertiza və ekspert fəaliyyəti barədə”, “İnnovasiya məhsullarının hazırlanması, istehsalı üzrə birgə araşdırmalar və əməkdaşlıqla bağlı” model qanun layihələri və digər məsələlər daxil edilib.
Səfər aprelin 15-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU