MALAYZİYA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
13 aprel 2016 | 05:04   
Paylaşın:        

Aprelin 12-də Milli Məclisin Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Malayziya Parlamentinin Nümayəndələr Palatasının sədr müavini, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Ronald Kiandeenin  başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirildi.
Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Aslanov qonaqları salamlayaraq qarşılıqlı səfərlərin əhəmiyyətindən danışdı. Bildirildi ki, iki ölkə arasında son zamanlarda  müxtəlif səviyyələrdə dövlət rəsmilərinin səfərləri baş tutub və bu ikitərəfli münasibətlərin möhkəmlənməsinə, o cümlədən parlamentlərarası əlaqələrin  inkişafına xidmət edir. Bu baxımdan, Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan parlament nümayəndə heyətinin 2012-ci ildə Malayziyaya səfəri, burada keçirilən görüşlər böyük əhəmiyyətə malikdir. Azərbaycan parlamenti Malayziya ilə əlaqələrin və dostluğun möhkəmləndirilməsinə önəm verir.
Görüşdə qeyd edildi ki, iqtisadi sahədə səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycan Dövlət Neft Şirkəti ilə Malayziyanın “Petronas” şirkəti arasında əlaqələr bunun bariz nümunəsidir. Eyni zamanda, Malayziya iş adamlarının tikinti və sənaye sahələrində Azərbaycanda uğurla fəaliyyət  göstərməsi təqdirəlayiq haldır. İnformasiya-kommunikasiya və yüksək texnologiyalar sahəsində də əməkdaşlığın genişləndirilməsi vacib məsələlərdəndir. 
Söhbət zamanı qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verildi. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyi, 1 milyondan çox azərbaycanlının doğma yurd-yuvasından didərgin düşdüyü diqqətə çatdırıldı. Bildirildi ki, Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə çalışır. Diqqətə çatdırıldı ki, bu münaqişə zamanı Xocalı şəhərində azərbaycanlılara qarşı ən dəhşətli soyqırım törədildi, minlərlə dinc sakin şəhid oldu. Son günlər sərhəd bölgəsində erməni silahlı birləşmələri yenə də öz təxribatlarını davam etdirib. Azərbaycan tərəfindən  sərt tədbirlər nəticəsində düşmən öz layiqli cavabını alıb.
Malayziya parlamenti nümayəndə heyətinin rəhbəri Ronald Kiandee qonaqpərvərliyə və səmimi görüşə görə minnətdarlığını ifadə etdi, xoş təəssüratlarını bölüşdü. Ölkələrimiz arasında bir çox bənzər cəhətlərin olduğunu dedi. Malayziyanın da Azərbaycanla əməkdaşlığın, dostluğun gücləndirilməsinə böyük önəm verdiyini deyən qonaq iki ölkə arasında münasibətlərin getdikcə daha surətlə inkişaf edəcəyinə inandıqlarını vurğuladı. Parlamentlərarası dostluq qrupları arasında əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı səfərlərin daha intensiv olmasının vacibliyini söylədi. İqtisadi sahədə əməkdaşlığın inkişafı baxımından  Malayziya şirkətlərinin Azərbaycana sərmayə yatırmasında maraqlı olduqları barədə danışdı.
Ronald Kiandee Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Malayziyanın Azərbaycanın mövqeyini dəstəklədiyini və bunu İslam Konfransı Təşkilatlında və BMT Təhlükəsizlik Şurasında ifadə etdiyini bildirdi.
Fikir mübadiləsi zamanı ölkələrimiz arasında parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, iqtisadi, turizm, humanitar sahələrdə əməkdaşlığın genişlənməsi və digər maraq doğuran məsələlər barədə söhbət aparıldı.
Görüşdə deputatlar Mirkazım Kazımov, Əflatun Amaşov, Elşən Musayev və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU