TÜRKİYƏ PARLAMENTİNİN DEPUTATLARI MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
13 aprel 2016 | 05:04   
Paylaşın:        

Aprelin 12-də Milli Məclisin Azərbaycan – Türkiyə  parlamentlərarası əlaqələr üzrə işçi  qrupu  üzvlərinin ölkəmizdə  səfərdə olan  Türkiyəli  həmkarları  ilə   görüşü  oldu.
Qonaqları Azərbaycan parlamentində  salamlamaqdan  xüsusi  məmnunluq  duyduğunu bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədri,  işçi qrupun rəhbəri Əhliman Əmiraslanov  xalqlarımızın  bu  gün  bütün dünyaya nümunə sayılacaq qardaşlıq və dostluq  münasibətlərindən  geniş söhbət  açdı. Eyni  dilə, eyni  dinə,  eyni tarixi və milli adət-ənənələrə malik olduğumuzu dilə gətirdi. Komitə sədri münasibətlərimizin bu  səviyyəyə  çatmasında  hər  iki ölkə Prezidentlərinin rolunu, onların mütəmadi  qarşılıqlı səfərlərini xüsusi vurğuladı. O, dostluq qruplarının fəaliyyətindən, ümumtürk birliyindən, milli-mənəvi dəyərlərimizdən danışdı.
Türkiyə parlamentinin Adanadan olan millət  vəkili, Türkiyə-Azərbaycan  parlamentlərarası  dostluq qrupunun rəhbəri Necdət  Ünüvar səmimi görüş üçün minnətdarlığını  bildirdi.  O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət!”, dahi Atatürkün “Azərbaycanın  sevinci sevincimiz, kədəri kədərimizdir!” deyimlərinin hər  iki xalqın dilində əzbər olduğunu qeyd etdi. Qonaq son günlər cəbhə  bölgəsində  gedən ağır  döyüşlərdə  şəhid  olan oğullarımıza görə Azərbaycan xalqına  Türkiyə hökuməti  və  parlamenti  adından  başsağlıqlarını  çatdırdı. Hər  zaman  olduğu kimi bu çətin  dönəmdə  də xalqımızın  yanında  olduqlarını vurğuladı.  Dağlıq  Qarabağın  tezliklə  erməni  işğalından  azad  olacağına, qaçqın  və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına dönəcəyinə əminliyini  bildirdi.
Görüşdə  işçi  qrupun  üzvləri, Milli Məclisin Aqrar  siyasət  komitəsinin sədri Eldar İbrahimov,  deputatlardan Məlahət  İbrahimqızı,  Şəmsəddin Hacıyev, İlham Əliyev, Kəmaləddin Qafarov, Türkiyənin Azərbaycandakı  səfiri Alpər Coşkun, Türkiyə  parlamentinin deputatları Dursun Şişək, Əhməd  Arslan   və  digər  rəsmi şəxslər  iştirak  edirdilər.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU