MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ İSVEÇRƏ VƏ ALMANİYADA SƏFƏRDƏ OLACAQDIR

XƏBƏRLƏR
13 aprel 2016 | 05:04   
Paylaşın:        
Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdə iştirak etmək üçün aprelin 13-dən 14-dək İsveçrənin Bern şəhərində, ATƏT PA-nın təşkil etdiyi seminarda iştirak etmək üçün isə aprelin 15-dən 18-dək Almaniyanın Lansvayler şəhərində səfərdə olacaqdır. 
Nümayəndə heyətinə Milli Məclisin deputatları Azay Quliyev və Tahir Mirkişili daxildirlər. 
İsveçrəyə səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti İsveçrə Parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının sədri Rafael Kont, İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, bu ölkədə yaşayan Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri, orada çalışan və təhsil alan soydaşlarımızla görüşlər keçirəcəkdir. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı, qarşılıqlı təcrübə mübadiləsi və digər mövzularda söhbətlər aparılacaqdır.   
Almaniyaya səfər çərçivəsində isə Milli Məclisin nümayəndə heyəti ATƏT Parlament Assambleyasının təşkil etdiyi “ATƏT-in münaqişə dövrünün kəsilməsi istiqamətindəki tədbirlərinə ATƏT PA və onun üzvlərinin geniş töhfə vermək imkanları – həlli uzadılmış münaqişələrə xüsusi diqqət” mövzusunda seminarda iştirak edəcəkdir. 
Tədbirlərdə nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər.


Milli Məclisin
Mətbuat  xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU