MDB PARLAMENTLƏRARASI ASSAMBLEYASININ DAİMİ KOMİSSİYALARINDA

XƏBƏRLƏR
14 aprel 2012 | 12:04   
Paylaşın:        

Milli Məclisin deputatları Rüfət Quliyev, Hacı Salayev, Adil Əliyev, Rasim Musabəyov və İqbal Məmmədov Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclaslarında iştirak etmək üçün aprelin 16-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.
Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq üzrə daimi komissiyasının gündəliyinə MDB PA-nın 20 illik yubileyi, MDB-yə üzv dövlətlərdə keçirilən prezident, parlament seçkilərində, referendumlarda qurumun müşahidəçilərinin rolu, analitik məlumat mərkəzinin işi barədə və digər məsələlər daxil edilib. 
Hüquqi məsələlər daimi komissiyasında “Məhkəmə öncəsi mübahisələrin həllində vasitəçilik barədə”, “Kommersiya sirri haqqında” model qanun layihələri, MDB PA-nın model qanunvericilik aktlarının və tövsiyələrin hazırlanması haqqında Əsasnamədə əlavələr və dəyişikliklər edilməsi, quruma üzv dövlətlər üçün hüquqi terminologiya lüğətinin layihəsi ilə bağlı müzakirələr  aparılacaq.
Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının yığıncağında MDB PA-ya üzv dövlətlərdə informasiya təhlükəsizliyinin təmin edilməsi,  telekommunikasiya şəbəkələrinin istismarının hüquqi tənzimlənməsi, antiterror, ekstremizm, insan alverinə qarşı, korrupsiya ilə mübarizə sahələrinə aid milli qanunvericiliyin təkmilləşdirilməsi və model qanunların hazırlanması məsələlərinə baxılacaq.
Deputatlarımız komissiyalarda müzakirə olunacaq məsələlər barədə çıxış edəcək, öz fikirlərini bölüşəcəklər.
Səfər aprelin 20-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU