FRANSA NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ OLMUŞDUR

XƏBƏRLƏR
26 aprel 2016 | 07:04   
Paylaşın:        

Aprelin 26-da BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün ölkəmizə səfər etmiş Fransa nümayəndə heyəti Milli Məclisdə olmuşdur. Nümayəndə heyətinə Fransa Milli Assambleyasının deputatı, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel başçılıq edirdi.
Qonaqları Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputat Cavanşir Feyziyev və digər rəsmi şəxslər qarşıladılar.
Qonaqlar əvvəlcə parlamentin İclas zalında deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış oldular.  Onlara Milli Məclisin fəaliyyəti, qanun yaradıcılığı prosesi barədə ətraflı məlumat verildi. Bildirildi ki, V çağırış Milli Məclisdə dünyanın müxtəlif ölkələrinin parlamentləri, o cümlədən Fransa qanunvericilik orqanı ilə  parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Azərbaycan Avropanın önəmli  ölkələrindən olan Fransa ilə həyatın müxtəlif sahələrində əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlıdır.
Burada jurnalistlərlə söhbətində Jan-Fransua Mansel Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirakından və Milli Məclisdə olmağından məmnunluq duyduğunu vurğuladı. O, Azərbaycandakı tolerantlığı və multikultural dəyərlərə göstərilən diqqəti yüksək qiymətləndirdi. Belə tədbirin Bakıda keçirilməsini Azərbaycanın beynəlxalq aləmdə günbəgün artan nüfuzunun bariz nümunəsi kimi səciyyələndirdi. 
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində son günlər baş verən hadisələrlə əlaqədar fikirlərini açıqlayan qonaq problemin beynəlxalq hüquq normaları çərçivəsində tezliklə həllinin tərəfdarı olduğunu bildirdi.  Qeyd edildi ki, bu məsələ ilə əlaqədar status-kvo mütləq dəyişməlidir.
Sonra qonaqlar  parlamentdə yerləşən Heydər Əliyev xatirə zalına gələrək buradakı eksponatlarla maraqlandılar. Onlara Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti barədə  geniş məlumat verildi.
Parlamentin inzibati binası ilə tanışlıqdan sonra Milli Məclisin Sədri Oqtay Əsədovun adından qonaqlara verilən çay süfrəsi arxasında tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edirdi. 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU