AZƏRBAYCAN - YAPONİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
06 may 2016 | 06:05   
Paylaşın:        

Mayın 6-da Milli Məclis Sədrinin müavini, İnsan hüquqları  komitəsinin sədri Bahar Muradovanın ölkəmizdə səfərdə olan  Yaponiya  Nümayəndələr Palatasının və ölkənin hakim Liberal Demokrat Partiyasının  üzvləri ilə görüşü oldu.
Qonaqları  səmimi  salamlayan Bahar Muradova  qeyd etdi ki, Azərbaycan  Yaponiya  ilə əlaqələrin inkişafına  çox ciddi  əhəmiyyət  verir.  Gündoğar  ölkənin  dərin tarixi kökləri, qədim mədəniyyəti,  güclü  müasir  inkişafı,  qüdrətli elmi  və  iqtisadi  nailiyyətləri Azərbaycanda dərin maraq  yaradır.  Vitse-spiker vurğuladı ki, Yaponiya  Azərbaycan öz  müstəqilliyini  bərpa etdikdən sonra   hər  zaman  ölkəmizin mövqelərini  dəstəkləyən dost ölkədir.  Məhz  buna  görə  də bu gün Yaponiya  ilə  humanitar,  mədəni, iqtisadi, ictimai-siyasi əlaqələrimiz  çox  çevik  şəkildə inkişaf  edir. 
Sonra  Bahar Muradova  əlaqələrimizin daha  da  dərinləşməsində  hər  iki ölkə  parlamentarilərinin  qarşılıqlı  səfərlərinin,  dostluq  qruplarının uğurlu  fəaliyyətinin xüsusi  rolu olduğunu dilə  gətirdi.  Mədəni əlaqələrimizin gücləndirilməsinin vacibliyindən danışan  parlament  sədrinin müavini hər  iki ölkədə  mədəniyyət  ongünlüklərinin keçirilməsinin  əhəmiyyətini   vurğuladı. 
Vitse-spiker  Azərbaycanın ən  ağrılı problemi olan  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı  durumundan bəhs  etdi. Qeyd  olundu ki,  münaqişə nəinki ölkəmizin, bütövlükdə  regionun  inkişafına böyük əngəl  törədir.  Beynəlxalq  təşkilatların, xüsusən ATƏT-in Minsk  qrupunun   bu problemin həllində  qətiyyətli mövqe tutmamasından,  münaqişənin  regionun  təhlükəsizliyini  təhdid  altında  saxlamasından  söhbət  açdı. Bahar Muradova millət  vəkili olaraq  təmsil  etdiyi  Füzuli  rayonunun da bir  hissəsinin erməni  silahlı  qüvvələrinin işğalı altında  olmasından,   ailəsinin  və  doğmalarının  öz  dədə-baba  yurdlarından  didərgin  düşməsindən, insanların bu yolda çəkdikləri əziyyətlərdən danışdı. Aprel  ayının  əvvəllərində  cəbhəyanı  ərazilərdə  gərginliyin  artmasından,  qızğın  döyüşlərdə  seçicisi olan 5 nəfərin şəhid  olmasından, 10 nəfərin  ağır  yara  aldığından ürək  ağrlısı ilə  söz  açdı.  Ermənistanın status-kvonun saxlanılması  üçün  göstərdiyi  cəhdlərin  aradan  qaldırılması, davamlı  sülhün  bərpası  üçün  Yaponiya  ictimaiyyətinin, hökumətinin, Yaponiya-Azərbaycan parlamentlərarası  dostluq  qrupunun ATƏT-in Minsk  qrupuna  bu  sahədə  fəaliyyətini  artırması üçün çağırışlar  etməsinə  ehtiyac  olduğunu diqqətə  çatdırdı. 
Qonaqpərvərliyə  və  ölkəsi  haqqında  ürəkaçan  fikirlərə  görə təşəkkürünü  bildirən Yaponiya  Nümayəndələr  Palatasının üzvü, Liberal Demokrat Partiyasının Beynəlxalq  əlaqələr  Bürosunun  Baş  direktoru  Kazunori Tanaka  burada  müşahidə  etdikləri sürətli iqtisadi və mədəni inkişafı  yüksək qiymətləndirdi. Qonaq  Azərbaycanın əsrarəngiz  təbiətə  malik olmasından olduqca  məmnun  qaldıqlarını,  ölkələrimiz  arasında turizm sahəsində əməkdaşlığın   gücləndirilməsinin vacibliyini  vurğuladı.
Sonra Kazunori Tanaka  aprel  ayının əvvəllərində  Azərbaycanın  Ermənistanla  sərhəd  ərazilərində atəşkəsin pozulması  nəticəsində  şəhid olan  insanlara  görə  xalqımıza  Yaponiyanın  hakim Liberal Demokrat  Partiyası  adından  başsağlıqlarını  çatdırdı,  vitse-spikerin  fikirlərini həm partiya  rəhbərliyinə, həm dostluq  qrupunun  rəhbərliyinə  çatdıracağını  bəyan etdi. Bu münaqişənin tezliklə  sülh  yolu ilə ədalətli  həllinə  nail olunacağına  ümidvar olduğunu bildirdi.
Görüşdə   Azərbaycan-Yaponiya  parlamentlərarası  əlaqələr  üzrə  işçı qrupunun rəhbəri Muxtar Babayev, Yaponiyanın  Azərbaycandakı fövqəladə  və səlahiyyətli  səfiri  Tsuquo Takahaşi və  digər  rəsmi şəxslər  iştirak  edirdilər.
Söhbətdə  qarşılıqlı maraq  doğuran  bir  sıra  məsələlər  barəsində də fikir mübadiləsi  aparıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU