Azərbaycanla Qırmızı Xaç Komitəsi arasında əməkdaşlığın perspektivləri müzakirə olundu

XƏBƏRLƏR
17 aprel 2012 | 03:04   
Paylaşın:        

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin  rəhbəri xanım Şerin Pollini aprelin 17-də Milli Məclis sədrinin müavini Bahar Muradova ilə görüşdü.
Bahar Muradova bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən də BQXK ilə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirir. BQXK ilə əməkdaşlığımız bütün sahələrdə inkişaf edir. Biz bu təşkilatın Azərbaycandakı fəaliyyətini, xüsusən də əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların tapılmasındakı səylərini, cəbhəyanı ərazilərdə yaşayan insanların sosial problemlərinin həlli ilə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndiririk.
Bahar Muradova BQXK-nın rəhbərliyi və nümayəndələri ilə görüşlərini xatırlatdı, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin bu təşkilatın vasitəçiliyilə axtarışı ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edildiyini diqqətə çatdırdı.
Söhbət zamanı Şerin Pollini BQXK-nın Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu dedi, rəsmi Bakının bu əməkdaşlığa verdiyi töhfəni yüksək qiymətləndirdi.
O, bildirdi ki, təşkilat hazırda Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin tapılması, geri qaytarılması və ya dəyişdirilməsi istiqamətində Azərbaycanda və Ermənistanda fəaliyyətini davam etdirir. BQXK-nın Bakıdakı nümayəndəliyi Azərbaycanın cəbhəyanı və sərhədyanı bölgələrində yaşayan insanlara da yardım edir. İnsanlara qrant şəklində maliyyə yardımı göstərilir, artezian quyuları qazılır, onların içməli su problemi həll olunur. Bu işlərdə BQXK Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə fəaliyyət göstərir.
Ş.Pollini onu da bildirdi ki, BQXK əsir və itkin düşmüş şəxslərin axtarışında daha yüksək nəticələr əldə olunması üçün yeni layihə hazırlamışdır. Layihənin həyata keçirilməsinə Azərbaycan Hökuməti razılıq vermişdir. Bu layihənin icrasına başlamaq üçün Azərbaycan Hökuməti, Səhiyyə Nazirliyi və BQXK arasında Anlaşma Memorandumu imzalanmalıdır. Hazırda bu istiqamətdə işlər davam edir.
Bahar Muradova nəzərdə tutulan yeni layihənin əhəmiyyətindən danışdı, Azərbaycan Parlamentinin də qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu və köməklik göstərməyə hazır olduğunu bildirdi.
Sonra görüşdə Azərbaycanla BQXK arasında əməkdaşlığın perspektivləri, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU