MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
19 may 2016 | 10:05   
Paylaşın:        
Mayın 18-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzləri ölkəmizdə səfərdə olan  İndoneziya Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüşdü. 
Milli Məclis Sədrinin birinci müavini,  Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov indoneziyalı qonaqları salamlayaraq bildirdi ki, son illər ölkələrimiz arasındakı münasibətlər intensiv şəkildə inkişaf edir. Azərbaycan bu inkişafda çox maraqlıdır və parlamentlərarası əlaqələrimiz də yüksək səviyyədədir. Bildirdi ki, bu səfərlər ölkələrarası münasibətlərə müsbət təsir göstərir və bu sahədə parlamentlərarası işçi qrupları da mühüm rol oynayırlar.
Ziyafət Əsgərov qonaqlara Milli Məclisin strukturu və fəaliyyəti, ölkəmizdə müdafiə sənayesinin inkişafı, yaradılacaq azad iqtisadi zonalar və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdi. Bildirdi ki, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ərazisindən çıxarılması ilə bağlı bir sıra nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr təəssüf ki, hələ də icra olunmur, Ermənistan tərəfi bu qətnamələrə böyük sayğısızlıq göstərir. 
Xocalı soyqırımı barədə danışan Ziyafət Əsgərov vurğuladı ki, dünyanın bir sıra dövlətləri, o cümlədən ABŞ-ın 20-yə yaxın ştatı  bu soyqırımı tanıdıqlarına dair qərarlar qəbul ediblər. 
O, beynəlxalq təşkilatlarda həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə dost İndoneziya dövlətinə minnətdarlığını bildirdi.   
Görüşə görə təşəkkür edən İndoneziya parlament nümayəndə heyətinin rəhbəri Ahmad Hanafi Rais bildirdi ki, hər iki ölkənin malik olduğu iqitisadi potensial və maliyyə imkanları əlaqələrin daha da inkişaf etdirilməsinə zəmin yaradır. Ümid edirik ki, ələqələrin  genişləndirilməsinə parlament diplomatiyası da öz töhfəsini verəcəkdir. 
Qonaq bildirdi ki, İndoneziya Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini tam dəstəkləyir və problemin sülh yolu ilə həllinə tərəfdardır. Söhbət zamanı bir sıra sahələrdə, o cümlədən müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulandı. 
Sonra qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.
Görüşdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzləri Aydın Mirzəzadə, Aqil Abbas, Adil Əliyev, Xanlar Fətiyev, Fərəc Quliyev, Zahid Oruc, Hacı Salayev, İndoneziyanın ölkəmizdəki səfiri Husnan Bey Fananie və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU