AZƏRBAYCAN – İNDONEZİYA DOSTLUQ TELLƏRİ MÖHKƏMLƏNİR

XƏBƏRLƏR
19 may 2016 | 11:05   
Paylaşın:        

Mayın 18-də Milli Məclisin Beynəlxalq  münasibətlər  və parlamentlərarası əlaqələr komitəsinin üzvlərinin ölkəmizdə səfərdə olan İndoneziya parlamentinin deputatları  ilə görüşü oldu. 
Qonaqları  salamlayan  komitə  sədri Səməd  Seyidov onlara  rəhbərlik  elədiyi  komitənin işi, qanun  yaradıcılığı prosesi  barədə  məlumat  verdi. O, xalqlarımız  arasındakı dostluq  əlaqələrini  yüksək qiymətləndirdi və  İndoneziyanın hər  zaman  beynəlxalq  təşkilatlarda Azərbaycanı dəstəklədiyini  vurğuladı. Komitə  sədri ölkəmizin  sürətli iqtisadi inkişafı, həyata  keçirilən  islahatlar,  istimai-siyasi, elmi, humanitar  sahələrdə əldə  olunan  nailiyyətlərdən  danışdı.
Sonra komitə  sədrinin müavini Sevinc  Fətəliyeva  və millət  vəkili  Asim Mollazadə  qonaqlara  ölkəmizin müstəqillik  qazandıqdan  sonra  keçdiyi şərəfli yol,  demokratiyanın  inkişafı  sahəsində  atılan  addımlar, terrorizmlə mübarizə sahəsində  görülən  işlərdən söhbət  açdılar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin mövcud durumu barədə ətraflı məlumat verildi. Qeyd  olundu ki, bu münaqişədə minlərlə insan şəhid olub, yüz minlərlə  insan hər  hansı formada zərər çəkib, ölkədə bir  milyondan  artıq  qaçqın və məcburi  köçkün  var. Amma bütün bunlara baxmayaraq Azərbaycan dövləti problemin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq  həllinə tərəfdardır. Çünki, münaqişə nəinki, Azərbaycanın, bütövlükdə  regionun  təhlükəsizliyini təhdid  edir.
İndoneziya  parlamentinin deputatı, nümayəndə  heyətinin rəhbəri Ahmad Hanafi Rais  səmimi görüş və ətraflı məlumat üçün minnətdarlığını bildirdi. Qeyd olundu ki, xalqlarımız arasında münasibətlərin təməli 1992-ci ildə qoyulub. İki  dost ölkə arasında qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün əsaslı zəmin var. Qonaq  iqtisadi əlaqələrin daha da gücləndirilməsinin, parlamentarilər arasında qarşılıqlı səfərlərin intensiv hal almasının zəruriliyini  qeyd  etdi.  
Görüşdə qarşılıqlı maraq  doğuran bir  sıra  məsələlər barədə fikir mübadiləsi  aparıldı.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU