MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
19 may 2016 | 05:05   
Paylaşın:        
Mayın 19-da Milli Məclis sədrinin müavini Bahar Muradova Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin rəhbəri Yelena Aymone Sessera ilə görüşdü.
Qonağı salamlayan Bahar Muradova bildirdi ki, Azərbaycan bütün beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlığa böyük önəm verir. Uzun illərdir ki, bu əməkdaşlıq həm təşkilatın dəyərlərinə, həm də Azərbaycanın maraqlarına uyğun şəkildə davam edir. İnsanların problemləri ilə maraqlanmaq, onlara dəstək olmaq əsl humanist dəyərlərdən xəbər verir. Ermənistanla təmas xəttində yaşayan Azərbaycan vətəndaşlarının problemlərinin həllində Beynəlxalq Qızıl Xaç Komitəsinin göstərdiyi səylər təqdirəlayiqdir. 
Beynəlxalq Qızıl Xaç Komitəsi ilə faydalı əməkdaşlığın razılıq doğurduğunu deyən Milli Məclis sədrinin müavini  ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevə görə keçirdikləri narahatlığa görə Beynəlxalq Qızıl Xaç Komitəsinə təşəkkürünü bildirdi və eyni zamanda, vurğuladı ki, onların azad edilməsi üçün hələ də ciddi addım atılmayıb.
Ona görə də bu məsələdə Bakı ofisi ilə birgə göstərilən səylərin daha da artırılmasının vacib olduğu vurğulandı.
Xoş sözlər üçün təşəkkürünü bildirən Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı ofisinin rəhbəri Yelena Aymone Sessera qurumun ölkəmizlə yaxşı əməkdaşlıq qurduğunu və lazımi dəstəyi aldıqlarını diqqətə çatdırdı. O, bu faydalı əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirdi. Qonaq diqqətə çatdırdı ki, onlar münaqişə zonasında yaşayan insanlara köməklik göstərməyə həmişə hazırdırlar.
Komitənin Bakı ofisinin rəhbəri Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə həyata keçirdikləri müxtəlif layihələri, ANAMA-nın münaqişə zonasındakı səmərəli fəaliyyətini yüksək qiymətləndirdi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU