PARLAMENT DİNLƏMƏLƏRİ SƏMƏRƏLİ OLDU

XƏBƏRLƏR
19 aprel 2012 | 09:04   
Paylaşın:        

Aprelin 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsinin Parlament dinləmələri keçirildi. BMT-nin İnkişaf Proqramı və ATƏT-in Bakı ofisi ilə birgə təşkil edilən tədbirdə qanun layihəsini hazırlayan işçi qrupun üzvləri, müvafiq nazirliklərin və şirkətlərin nümayəndələri, ətraf mühit sahəsində fəaliyyət göstərən QHT-lərin, elmi müəssisələrin və özəl sektorun təmsilçiləri iştirak edirdilər. Parlament dinləmələrinə Milli Məclisin vitse-spikeri, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov sədrlik edirdi.
Tədbirin açılışında Valeh Ələsgərov Azərbaycan dövləti və xalqı üçün çox vacib qanun layihəsinin müzakirəyə çıxarıldığını bildirdi. BMT İnkişaf Proqramının Azərbaycandakı ofisinin rezident nümayəndəsi Fikrət Akçura öz nitqində gündən-günə nüfuzu artan ölkəmizin beynəlxalq uğurlarını, bu sahədə də kifayət qədər təcrübəyə malik olduğunu qeyd etdi. Müzakirəyə çıxarılan qanun layihəsi üzərində birgə çalışdıqlarını, təmsil etdiyi qurumun ətraf mühitə təsirin qiymətləndirilməsi sahəsində Azərbaycana yardımçı olmaq istədiyini bildirdi. Qeyd etdi ki, Milli Məclis layihəni təsdiqləyərsə, Azərbaycan Cənubi Qafqazda bu qanunu qəbul edən ilk dövlət olacaq.
Parlament dinləmələrində öncə BMT-nin beynəlxalq eksperti Martin Smutnının “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinə dair Avropa İttifaqı Direktivindən irəli gələn əsas tələblər və transpozisiya” mövzusunda  məruzəsi dinlənildi. O, sahə qanunvericiliyi ilə bağlı Avropa təcrübəsi barədə ətraflı məlumat verdikdən sonra tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.
Tədbirdə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsini Milli Məclis Aparatının sektor müdiri Şamil Hüseynov təqdim etdi. Məruzəçi bildirdi ki, bu qanun iqtisadi və təsərrüfat fəaliyyətinin ətraf mühitin keyfiyyət normativlərinə və ekoloji tələblərə uyğunluğunun öyrənilməsi məqsədilə həyata keçirilən prosesin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edəcək və həmin sahədə münasibətləri tənzimləyəcək.
Parlament dinləmələrində hər iki məruzə ətrafında geniş müzakirələr aparıldı. Deputatlar və qonaqlar rəylərini bildirdilər. Müzakirə edilən qanun layihəsi yüksək dəyərləndirildi, məsələnin aktuallığı xüsusi vurğulandı. Çıxışlarda layihəyə dair bir sıra dəyərli təkliflər verildi.
Müzakirə prosesində Milli Məclisin Sədr müavini Valeh Ələsgərov dinləyiciləri narahat edən məsələlərə, qanun layihəsindəki bəzi müddəalara  aydınlıq gətirdi. O qeyd etdi ki, bütün dünyada ətraf mühitə təsirin qiymətləndirilməsi birinci növbədə insan faktoruna görə nəzərə alınır. Ətraf mühitə təsirin qiymətləndirilməsində Azərbaycan Dövlət Neft Şirkətinin təcrübəsindən söz açan vitse-spiker konkret faktlara istinad etdi. Bildirdi ki, ekspertiza zəruridir, ictimai rəy nəzərə alınmalıdır. Lakin bununla belə iqtisadi inkişafın qarşısını almaq olmaz. Hazırkı qanun layihəsinin daha səmərəli nəticələr verməsi üçün bu sənədin tikinti və şəhərsalmaya dair mövcud qanunvericiliklə uzlaşdırılması, mükəmməl   hazırlanması və qanunda boşluqların olmaması vacibdir.
Parlament dinləmələrinə yekun vuran Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev öncə “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsini hazırlayan işçi qrupa təşəkkürünü bildirdi. İşçi səviyyədə keçirilmiş ötən müzakirədən sonra sənəd üzərində ciddi iş aparıldığını, hazırkı layihənin xeyli təkmilləşdiyini qeyd etdi. Tədbir iştirakçılarına tövsiyə olundu ki, öz sahələrinə dair təkliflərini və mütəxəssis rəylərini yazılı olaraq komitəyə təqdim etsinlər. Qanun layihəsinin hüquqi dildə yazılması vacibliyinə də toxunuldu. Fikir mübadiləsi zamanı ortaya çıxan mübahisəli məqamları hüquqi baxımdan şərh edən Səfa Mirzəyev bildirdi ki, yeni yaranan tikintilər və obyektlərlə bağlı dəyərləndirilmə aparılarkən həmin layihəni yalnız ətraf mühit və ekologiya ilə əlaqələndirmək düzgün deyil, tikinti və şəhərsalma barədə qanunvericiliyi, ərazinin planlaşdırılmasını da nəzərə almaq lazımdır. Diqqətə çatdırdı ki, layihənin ətraf mühitə və insan sağlamlığına ola biləcək təsirinin öyrənilməsi məqsədilə keçirilən ekspertiza məcburi və ya könüllü ola bilər. Ekspertiza lazımi nəticəni əldə etmək üçün bir vasitədir. Ölkəmizdə ictimai münasibətlər daha yüksək səviyyədə inkişaf edəndə yəqin ki, buna ehtiyac qalmayacaq. Çıxışının sonunda Milli Məclis Aparatının rəhbəri Parlament dinləmələrinin bütün iştirakçılarına, qanunu hazırlayan işçi qrupa uğurlar arzuladı.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU