AZƏRBAYCAN - İTALİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
26 may 2016 | 06:05   
Paylaşın:        

Mayın 26-da  Milli Məclisin  İtaliya  ilə  parlamentlərarası əlaqələr  üzrə  işçi  qrupu üzvlərinin ölkəmizdə  səfərdə olan  İtaliya  Senatının  Avropa  İttifaqının  Siyasəti  Daimi Komissiyasının sədri Vannino  Kitinin  başçılıq  etdiyi  nümayəndə  heyəti ilə  görüşü  oldu.
 Qonaqları  salamlayan millət  vəkili,   işçi qrupun  rəhbəri Azər  Kərimli  bildirdi ki, Azərbaycan dünya  dövlətləri, o cümlədən İtaliya ilə əlaqələrin inkişafına böyük önəm verir. Hazırda  bu  dost  ölkə ilə siyasi, iqtisadi, mədəni  və humanitar sahələrdə əməkdaşlığımız yüksələn  xətlə inkişaf  etməkdədir. Həyata keçirilən  iqtisadi  islahatlardan, Azərbaycanın təşəbbüskarı  və  fəal  iştirakçısı  olduğu  qlobal  layihələrdən  söz  açan  millət  vəkili  bildirdi ki, bu gün ölkəmizin Avropanın enerji təhlükəsizliyi sistemində özünəməxsus  rolu var.
 Azər  Kərimli  daha  sonra  parlamentlərarası  əlaqələrin inkişafında  dostluq  qruplarının  rolunu  qeyd  edərək dedi ki,  İtaliya parlamentində Azərbaycanla  dostluq  qrupu ən böyük  qrupdur, sayca  65 nəfəri əhatə  edir. Milli Məclisdə  də İtaliya  ilə əlaqələr  üzrə  işçi  qrupu  ən böyük  qruplardan  biridir. Deputatlarımız müxtəlif  beynəlxalq  təşkilatlarda  səmərəli  əməkdaşlıq  edirlər.  Nümayəndə  heyətlərinin  qarşılıqlı  səfərləri  təcrübə  və informasiya mübadiləsi baxımından çox önəmlidir.
Sonra işçi qrupun  rəhbəri  Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin  mövcud  durumu  barədə  qonaqlara ətraflı məlumat  verdi. Qeyd olundu ki, Azərbaycan bütövlükdə regionun  təhlükəsizliyini təhdid  altında  saxlayan münaqişənin  sülh  yolu  həllinə  tərəfdardır.  Amma Ermənistan  dövləti Azərbaycan  torpaqlarının qeyd-şərtsiz  azad  edilməsi ilə bağlı  BMT-nin və  digər  beynəlxalq  qurumların  qəbul  etdiyi sənədlərə məhəl  qoymur.
Səmimi görüş və ətraflı məlumat  üçün minnətdarlığını bildirən Vannino  Kiti Azərbaycanda  ilk dəfə olduqlarını, burada gördüklərindən, keçirdikləri  görüşlərdən olduqca  məmnun  qaldıqlarını  vurğuladı. Qonaq bildirdi ki, İtaliya  Qafqazın bu bölgəsinə böyük maraq göstərir və böyük iqtisadi potensiala malik Azərbaycanın Avroatlantik məkana inteqrasiyasına və ölkədə aparılan  islahatlara gələcəkdə də dəstək vermək niyyətindədir.
Görüşdə Milli Məclisin  deputatları Jalə Əliyeva, Elşən Musayev, İlham Əliyev, Hacı  Salayev,  İtaliya  Senatının  üzvləri Covanni Mauro, Emilio Floris,  Valeriya  Kardinali,  İtaliyanın Azərbaycandakı fövqəladə  və  səlahiyyətli  səfiri Ciampaolo Kutilyo  və  digər  rəsmi şəxslər  iştirak  edirdilər. 
Söhbətdə  qarşılıqlı maraq  doğuran  bır  sıra  məsələlər ətrafında fikir mübadiləsi  aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti
 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU