İTALİYA SENATININ NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
26 may 2016 | 06:05   
Paylaşın:        

Mayın 26-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan İtaliya Senatının Avropa İttifaqının siyasəti daimi komissiyasının sədri Vannino Kitinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər.
Qonaqları salamlayan komitənin sədr müavini Sevinc Fətəliyeva ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrindən söz açdı. Azərbaycanın tarixən Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olduğundan, müstəqillik dövründə əldə etdiyi siyasi-iqtisadi uğurlardan və demokratik institutların bərqərar olmasından söz açdı. Xalqımızın tolerantlığı, ölkəmizdə multikultural dəyərlərə və insan hüquqlarının qorunmasına xüsusi önəm verildiyi barədə danışdı. Bu günlərdə Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə parlamentdə yeni amnistiya aktı qəbul olunduğunu vurğuladı.
Söhbət zamanı Ermənistanın təcavüzü nəticəsində qarşılaşdığımız Dağlıq Qarabağ probleminin həlli, qaçqın və məcburi köçkünə çevrilmiş 1 milyondan çox soydaşımızın hüquqlarının bərpası vacibliyi diqqətə çatdırıldı. 
İtaliya Senatının Avropa İttifaqının siyasəti daimi komissiyasının sədri Vannino Kiti Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduqlarını söylədi. Parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi vacibliyini vurğuladı. Ölkəmizdəki inkişafı, demokratik dəyərlərə üstünlük verilməsini, insan haqları sahəsindəki uğurlu addımları, sözü gedən amnistiya aktını məmnunluqla qeyd etdi. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə çözülməsinə tərəfdar olduqlarını  bildirdi.
Söhbətdə ikitərəfli görüşlərin ölkələrimiz arasındakı əlaqələrin dərinləşməsinə təkan verəcəyi qeyd olundu.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU