AZƏRBAYCAN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ ÇEXİYADA SƏFƏRDƏ OLUB

XƏBƏRLƏR
27 may 2016 | 07:05   
Paylaşın:        

Xəbər verildiyi kimi, Çexiya Respublikasının Nümayəndələr Palatasının sədri, Çexiya-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri cənab Yan Hamaçekin dəvəti ilə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Azərbaycan-Çexiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri cənab Valeh Ələsgərovun başçılığı ilə deputatlar Kamilə Əliyeva, Ülviyyə Ağayeva, Vüsal Hüseynov mayın 23-dən 26-dək Çexiya Respublikasında səfərdə olmuşlar.
Səfər çərçivəsində nümayəndə heyəti  Çexiya Respublikası Parlamenti Senatının sədri Milan Ştex və Çexiya Respublikası Parlamenti Nümayəndələr Palatasının sədri Yan Hamaçek, Senatın və  Nümayəndələr Palatasının sədr müavinləri İvo Barek və Voytex Filip, Nümayəndələr Palatasının Aqrar komitəsinin sədri və üzvləri, həmçinin Çexiya parlamentində təmsil olunan siyasi partiyaların rəhbər şəxsləri və üzvləri ilə görüşlər keçirib.
Görüşlər zamanı Azərbaycan-Çexiya parlamentlərarası əlaqələrin inkişafı və  qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Ermənistan-Azərbaycan münaqişəsinə, regionda cərəyan edən hadisələrə dair fikir mübadiləsi aparılıb. Tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq qurumların qətnamə və qərarlarının tələblərinə uyğun tənzimlənməsinin əhəmiyyətini qeyd ediblər.
Səfər zamanı nümayəndə heyəti, həmçinin, Çexiya Respublikası Baş Nazirinin müavini Pavel Belobradek,  xarici işlər naziri Lubomir Zaoralek, ticarət və sənaye naziri Yan Mladek ilə də görüşlər keçirmişdir.  Görüşlərdə ölkələr arasında müxtəlif sahələr üzrə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilmiş, Azərbaycanın regionda Çexiyanın əsas iqtisadi tərəfdaşı olması vurğulanmış, hər iki ölkə Prezidentlərinin və başqa yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərlərinin bu əlaqələrin möhkəmlənməsində xüsusi əhəmiyyəti qeyd edilmişdir. Eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizliklə bağlı məsələlər müzakirə mövzusu olub. Təhsil, elm sahəsində təcrübə və tələbə mübadiləsi, hər iki ölkənin təhsil müəssisələri arasında əlaqələrin möhkəmlənməsi üçün tədbirlər müzakirə edilib.   
Azərbaycan nümayəndə heyəti, həmçinin, 28 May Respublika günü münasibətilə Azərbaycan Respublikasının Çexiya Respublikasındakı Səfirliyində keçirilmiş bayram tədbirində iştirak edib. Tədbirdə Çexiya Parlamentinin senator və deputatları, Çexiyanın yüksək səviyyəli dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri iştirak ediblər. Tədbirdə çıxış edən natiqlər - Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Azərbaycan-Çexiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri  Valeh Ələsgərov, Çexiya Respublikasının Nümayəndələr Palatasının sədri  Yan Hamaçek və Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinin önəmini bir daha vurğulayaraq, bu münasibətlərin daha da möhkəmlənəcəyinə ümidvar olduqlarını  qeyd ediblər.
Valeh Ələsgərov Azərbaycanın müstəqillik tarixi, uğurlu inkişaf yolu, ölkəmizin enerji siyasəti və bu siyasətin Avropanın enerji təhlükəsizliyində rolu, ölkəmizdəki  multikultural dəyərlər və tolerantlıq mühiti barədə məlumat vermiş, Çexiya-Azərbaycan əlaqələrinin yüksək səviyyəsini qeyd etmişdir. O, həmçinin, Azərbaycanın və regionun inkişafına mövcud təhdidlər barədə danışmış, Azərbaycanın Dağlıq Qarabağ və 7 ətraf rayonlarının Ermənistan tərəfindən işğala və etnik təmizləməyə məruz qalmasını, regional inkişafa, tranzit layihələrinə ən əsas təhlükə kimi qeyd etmişdir. Çexiya Respublikasının bu məsələdə tutduğu ədalətli mövqeyinə görə təşəkkürlərini bildirmişdir.
Yan Hamaçek çıxışında Respublika günü  münasibətilə təbriklərini çatdırmış, iki ölkə arasında olan əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd etmiş, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında tənzimlənməsinin vacibliyini vurğulamışdır.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU