“GƏNCLİK və QLOBAL ÇAĞIRIŞLAR” KONFRANSININ İŞTİRAKÇILARI MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
27 may 2016 | 07:05   
Paylaşın:        

YAP Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən “Gənclik və qlobal çağırışlar” konfransının iştirakçıları mayın 27-də Milli Məclisdə oldular.
Görüşdə Milli Məclis Sədrinin müavini Bahar Muradova Beynəlxalq Gənc Demokratlar Birliyi – İYDU, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı – İCAPP və Avropa Demokrat Gənclər Birliyi – DEMYC adlı beynəlxalq gənclər təşkilatlarının təmsilçilərini mehribanlıqla salamladı. Gözəl bayram ərəfəsində Bakıya gəldiklərini vurğulayaraq, 28 May – Respublika günü  münasibətilə keçirilən bugünkü tədbirdə Prezident İlham Əliyevin ölkəmizin keçdiyi inkişaf yoluna dair müfəssəl məruzə etdiyini bildirdi. Azərbaycan gəncliyinin böyük nailiyyətlərə imza atdığını dedi. Ölkəmizdə gənclərə hər cür şərait yaradıldığını, qadınların parlamentdə və dövlət idarəçiliyində təmsil olunduğunu qeyd etdi. Xalqımızın tolerantlığından, Şərqdə ilk demokratik respublika quraraq hələ ötən əsrin əvvəllərində qadınlara seçki hüququ verməsindən söz açdı. Milli Məclisin tərkibi və strukturu ilə gəncləri tanış etdi. Dünyanın bütün ölkələri ilə qarşılıqlı dostluq və əməkdaşlığa açıq olan Azərbaycanın Dağlıq Qarabağ problemini də yada saldı. Azərbaycan ərazilərini işğal etmiş Ermənistanın hələ də təcavüzkar siyasətdən əl çəkmədiyini bildirdi. 
Bahar Muradova dünyanın ən müxtəlif ölkələrindən olan konfrans iştirakçılarının YAP Gənclər Birliyinin təşkilatçılığı sayəsində bir araya gəlməsini yüksək dəyərləndirdi. “Gənclik və qlobal çağırışlar” konfransına uğurlar dilədi. Gənclərin həmin tədbir çərçivəsində faydalı fikir mübadiləsi aparacağına əminliyini bildirdi.
Sonra İtaliya, İspaniya, Almaniya, Türkiyə, Rusiya, İraq və digər ölkələrdən gəlmiş gənclər təmsil etdikləri Beynəlxalq Gənc Demokratlar Birliyi, Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı və Avropa Demokrat Gənclər Birliyi barədə Bahar Muradovaya ətraflı məlumat verdilər. Ürək sözlərini, ictimai-siyasi məsələlərə dair baxışlarını diqqətə çatdırdılar. Səfər sayəsində Azərbaycanı və xalqımızı tanımağa ümid etdiklərini söylədilər. Bakıda gördükləri tərəqqidən, qonaqpərvərlikdən məmnunluqla söz açdılar.
Görüşün yekununda Milli Məclisin vitse-spikeri gəncləri narahat edən məsələlərə aydınlıq gətirdi, sualları cavablandırdı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU