ATƏT PA-NIN XÜSUSİ NÜMAYƏNDƏSİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
27 may 2016 | 08:05   
Paylaşın:        

Mayın 27-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan qurumun  Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin ilə  görüşdülər.
Qonağı salamlayan Milli Məclis Sədrinin müavini, nümayəndə  heyətinin rəhbəri Bahar Muradova onun  ölkəmizə çox gözəl bir bayram – 28 May Respublika günü ərəfəsində gəldiyini dedi. Azərbaycanın  müstəqillik tarixindən, son illər qazanılan uğurlardan, aparılan islahatlardan ətraflı  söhbət  açdı. Bildirildi ki,  Azərbaycan beynəlxalq  təşkilatlarla  münasibətlərə xüsusi  önəm  verir.  ATƏT-Azərbaycan  əməkdaşlığından geniş  söz  açan  Bahar Muradova  qeyd etdi ki, ölkəmiz ATƏT-in bərabərhüquqlu üzvü olmaqla yanaşı təşkilatın dəyərlərinin regionda bərqərar olmasının ən fəal təbliğatçısıdır.
Sonra nümayəndə heyətinin rəhbəri Ermənistan-Azərbaycan Dağlıq  Qarabağ münaqişəsinin hazırkı  durumu  haqqında qonağa məlumat  verdi.  Problemin ədalətli həlli, regionda  təhlükəsizliyin  təmin olunması  üçün  təşkilatın cəhdlərini artırmasının  vacibliyini  diqqətə çatdırdı. Qeyd  olundu ki,  hazırda  mövcud  status-kvonun  saxlanılması  münaqişə  tərəflərindən yalnız  Ermənistanı  qane  edir.  Bu isə regionu  daha  ciddi  kataklizmlərə  sürükləyir. ATƏT  bu  yöndə vacib olan  addımlar  atmalı,  Ermənistan  tərəfinə  ciddi  təsirlər  göstərməlidir.
ATƏT  Parlament  Assambleyasının Cənubi Qafqaz üzrə  xüsusi  nümayəndəsi  Kristian Vigenin  qarşıdan  gələn 28 May – Respublika  günü  münasibəti ilə xalqımızı təbrik etdi. Qonaq ölkəmizə  hər  gəlişində müşahidə  etdiyi  yeniliklərdən məmnun  qaldığını  dilə  gətirdi. Azərbaycanla münasibətlərin uğurlu davamına təkan vermək niyyətini  açıqlayan Vigenin bildirdi ki, ATƏT PA-nın  ölkəmizlə əməkdaşlığında  demokratiyanın inkişafı  başlıca  yer  tutur.  Qonaq Ermənistan – Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinin ədalətli  həllinə nail olunması üçün müsbət danışıq mühitin yaradılmasında  əlindən  gələni əsirgəməyəcəyini  də vurğuladı.
Görüşdə millət  vəkilləri Azay Quliyev, Kamran Nəbizadə, Tahir  Mirkişili, Elşad Həsənov, Ülviyyə Ağayeva  və  digər  rəsmi şəxslər  işrtirak  edirdilər.
Söhbətdə  qarşılıqlı  əhəmiyyət  kəsb edən  bir  sıra  məsələlər barəsində fikir mübadiləsi  aparıldı, hər iki tərəfi maraqlandıran  suallara  cavab verildi. 

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU