ATƏT PA-nın 25-ci YAY SESSİYASINDA

XƏBƏRLƏR
28 iyun 2016 | 04:06   
Paylaşın:        

Milli Məclis Sədrinin müavini, ATƏT PA-dakı nümayəndə heyətimizin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlar Azay Quliyev, Ülviyyə Ağayeva, Kamran Nəbizadə , Elşad Həsənov və Tahir Mirkişili ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyasında iştirak etmək üçün iyunun 29-da Gürcüstanın paytaxtı Tbilisiyə səfərə yola düşəcəklər.
 “Parlament əməkdaşlığının 25 ili: dialoq vasitəsilə etimadı gücləndirərək” mövzusuna həsr olunan sessiyada öncə Daimi komitə toplaşacaq, sonra plenar iclas başlanacaq. Sessiya çərçivəsində ATƏT PA-nın Təhlükəsizlik və siyasi məsələlər, İqtisadi məsələlər, elm, texnika və ətraf mühit, Demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə Ümumi komitələrinin iclasları keçiriləcək, bir sıra qətnamə layihələri müzakirə olunacaq.
Qurumun yay sessiyasında Avropanın təhlükəsizliyi, miqrantlar və qaçqınlarla bağlı böhranda gender problemlərinin təhlili, qaçqınların hüquqları, zorakılıq və diskriminasiya ilə mübarizə, neonasizmin baş qaldırmasına yol verilməməsi, uşaqların cinsi istismarına və uşaq ticarətinə son qoyulması üçün hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi kimi məsələlər diqqət mərkəzində olacaq. Gürcüstanda münaqişəyə, Krımda insan hüquq və əsas azadlıqlarının pozulmasına dair müzakirələr  aparılacaq. Çernobıl fəlakətinin 30-cu ildönümünə dair sənəd qəbul ediləcək.
Sessiyada ATƏT məkanında qanunun aliliyini təmin etmək məqsədilə korrupsiyaya qarşı mübarizə məsələsi gündəmdə olacaq. ATƏT PA ilə ATƏT arasında münasibətlərin möhkəmləndirilməsinə, Baltik dənizi regionunda əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetiriləcək. Böhranlara və münaqişələrə qarşı səmərəli tədbirlərin işlənib hazırlanması istiqamətində ətraflı fikir mübadiləsi aparılacaq.   
Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri qurumun bütün iclaslarında fəal iştirak edəcək, komitələrdə müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət açıqlayacaq, rəy və təkliflərini bildirəcəklər.
Səfər iyulun 6-da başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU