BÖYÜK BRİTANİYA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
27 iyul 2016 | 07:07   
Paylaşın:        

İyulun 27-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin və Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə Böyük Britaniya parlamentinin nümayəndə heyəti arasında görüş keçirildi.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qonaqları Milli Məclisdə salamlayaraq, ümidvar olduğunu bildirdi ki, bu səfər əlaqələrimizin inkişafına öz müsbət təsirini göstərəcək. Komitə sədri parlamentlər arasındakı əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafındakı rolu barədə danışaraq, hər iki ölkənin qanunverici orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab etdi. Bildirildi ki, bu gün Milli Məclisdə dünyanın müxtəlif ölkələri ilə parlamentlərarası əlaqələr üzrə dostluq qrupları fəaliyyət göstərir. O, Böyük Britaniya parlamentindəki həmkarları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi, dostluq qruplarının fəaliyyəti, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətindən  söhbət açdı.
Səməd Seyidov Azərbaycanın müstəqillik dövründə qazandığı  nailiyyətlər, ölkəmizin qlobal neft-qaz layihələrində iştirakı barədə danışdı. Qeyd edildi ki, bu gün ölkəmizdə müxtəlif konfessiyaların nümayəndələri qarşılıqlı hörmət və anlaşma şəraitində öz dini etiqadlarını həyata keçirirlər. Müxtəlif xalqların nümayəndələri mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi, tolerantlıq mühitində yaşayırlar. Bildirildi ki, Azərbaycan  müxtəlif ölkələrlə qarşılıqlı faydalı əlaqələrini möhkəmləndirir. Beynəlxalq təşkilatlarla milli maraqlar baxımından səmərəli münasibətlər qurur.
Böyük Britaniya parlamentinin deputatı Bob Blekmen səmimi görüşə görə nümayəndə heyəti adından minnətdarlığını ifadə etdi. O, Böyük Britaniyanın Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğuladı. İqtisadi və mədəni əlaqələrimizin günbəgün dərinləşdiyini söyləyən qonaq Azərbaycandakı sabitliyi yüksək dəyərləndirdi. Qonaq dövlət quruculuğu prosesində parlamentin oynadığı rola diqqət çəkərək, Milli Məclisdə olmağından, buradakı həmkarları ilə fikir mübadiləsi aparmağından məmnun qaldığını söylədi. O, Milli Məclislə əməkdaşlığı  gələcəkdə daha da genişləndirmək niyyətində olduqlarını söylədi. Bildirildi ki, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri ümumi məqsədlərə xidmət edir. Britaniyalı deputat ölkələrimiz arasında həyatın bütün sahələrində əməkdaşlığın dərinləşməsi üçün geniş potensialın olduğunu qeyd etdi.
Görüşdə iştirak edən Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə, Fuad Muradov, Vüsal Hüseynov, Kamran Bayramov  Milli Məclis komitələrinin fəaliyyəti, qanunvericilik yaradıcılığı barədə qonaqlara ətraflı məlumat verdilər. Böyük Britaniya parlamenti nümayəndə heyətinin üzvləri də öz növbəsində İngiltərə qanunvericilik sistemi barədə söhbət açdılar. İki ölkə arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əlaqələrin inkişafı təqdirəlayiq hal kimi dəyərləndirildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU