ALMANİYA İLƏ ƏLAQƏLƏRİN İNKİŞAFI ÖNƏMLİDİR

XƏBƏRLƏR
09 avqust 2016 | 05:08   
Paylaşın:        

Avqustun 9-da Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası  əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı, Cənubi Qafqaz üzrə dostluq qrupunun rəhbəri Karin Strenz ilə görüşdülər.
Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev qonağa Milli Məclis rəhbərliyinin salamlarını çatdırdı. İşçi qrupun fəaliyyətindən söz açdı. Görüşlərin intensivliyini, ölkələrarası münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini yüksək dəyərləndirdi. Dağlıq Qarabağ münaqişəsinin həllində hazırda ATƏT-ə sədrlik edən Almaniyanın konkret ciddi addımlar atacağına ümidvar olduğumuzu bildirdi.
Deputatlar Fəttah Heydərov, Rafael Hüseynov, Fuad Muradov, Rasim Musabəyov Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini diqqət mərkəzində saxlamaqla yanaşı, Azərbaycan-Almaniya əlaqələrinin genişlənməsinə təkan verəcək bir sıra təkliflərini də qonağın nəzərinə çatdırdılar.
Açıq və səmimi söhbətə görə minnətdarlığını bildirən Karin Strenz  Almaniya Bundestaqında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin və  BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin dəstəkləndiyini vurğuladı. Bu ilin mayında Almaniyaya səfər edən Prezident İlham Əliyevin ölkəsində keçirdiyi görüşlər və İqtisadi Forumdakı çıxışına dair xoş təəssüratlarını bölüşdü. İki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi vacibliyini qeyd etdi.
Görüşdə səmərəli fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU