MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
30 avqust 2016 | 04:08   
Paylaşın:        

Avqustun 30-da Milli Məclisin Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-naziri Motome Takisava ilə görüşü keçirildi.
Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Muxtar Babayev qonağı səmimi salamlayaraq, qarşılıqlı səfərlərin  əlaqələrimizin inkişafına müsbət təsir göstərdiyini söylədi. O, ölkələrimiz arasında münasibətlərin getdikcə dərinləşdiyini məmnunluqla vurğuladı.
Bildirildi ki, bu gün Azərbaycanda sənaye sahəsi dinamik inkişaf edir, bütün istiqamətlərdə yüksək texnologiyalar geniş tətbiq olunur. Sumqayıt şəhərində fəaliyyət göstərən bəzi müəssisələrdə Yaponiyanın “Mitsubishi” firmasının texnologiyalarından istifadə edilir. Qeyd olundu ki, ölkəmizdə  qeyri-neft sektorunun inkişafı ilə bağlı dövlətimizin dəstəyi ilə mühüm tədbirlər həyata keçirilir, yeni sənaye  parkları yaradılır. Muxtar Babayev Azərbaycanın regionlarında müxtəlif infrastruktur layihələrin həyata keçirilməsində Yaponiya səfirliyinin aktiv iştirakını xüsusi qeyd edərək, bunun dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bildirdi.
Görüşdə Milli Məclisin komitə sədri Hadi Rəcəbli bildirdi ki, ölkəmiz Yaponiya ilə əlaqələrin inkişafına böyük önəm verir. Nümayəndə heyətlərimizin səfərləri, keçirilən çoxsaylı görüşlər təcrübə və informasiya mübadiləsi  baxımından çox əhəmiyyətlidir.
Deputat Sevinc Fətəliyeva qanunverici orqanlar səviyyəsində münasibətlərin inkişafını, Yeni Azərbaycan Partiyası ilə Yaponiyanın hakim partiyası arasında əlaqələrin mövcudluğunu təqdirəlayiq hal kimi dəyərləndirdi. Millət vəkili beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın önəmli olduğunu bildirdi. İki ölkə arasında iqtisadi, enerji, informasiya texnologiyaları, turizm sahələrində əlaqələrin genişləndirilməsinin vacibliyini söylədi. 
 Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-naziri Motome Takisava göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə etdi. O, Milli Məclisin İclas zalı ilə tanış olduğunu söylədi və burada deputatların səmərəli fəaliyyəti üçün yaradılmış şəraiti, o cümlədən yeni texnologiyalardan  istifadə edildiyini yüksək qiymətləndirdi. Qonaq ölkəsinin Azərbaycanla  əlaqələrin  inkişafına böyük önəm verdiyini bildirdi. Mədəni, humanitar, təhsil, kənd təsərrüfatı sahələrində əməkdaşlığın əhəmiyyətindən danışdı. Motome Takisava Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunları zamanı Azərbaycan idmançılarının uğurlu çıxışları ilə bağlı öz təbriklərini çatdırdı.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də danışıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU