PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ POLŞADA SƏFƏRDƏDİR

XƏBƏRLƏR
01 sentyabr 2016 | 06:09   
Paylaşın:        

Xəbər verildiyi kimi, avqustun 30-31-də Polşa Respublikasının paytaxtı Varşava şəhərində Mərkəzi və Şərqi Avropanın 12 ölkəsinin Parlament rəhbərlərinin görüşü keçirilmişdir. Görüşdə ölkəmizi Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov təmsil edirdi.
Tədbirdə Avropa İttifaqının dirçəlişi, Mərkəzi və Şərqi Avropada regional əməkdaşlıq, bölgə ölkələri arasında çoxtərəfli əlaqələrin inkişafına milli parlamentlərin töhfəsi mövzularında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Valeh Ələsgərov öz çıxışında ölkəmizin müstəqillik tarixi, uğurlu inkişaf yolu, multikultural dəyərlər və tolerantlıq mühiti barədə danışmışdır.
Avropa ölkələri ilə sıx ikitərəfli münasibətlərdən söz açan vitse-spiker Azərbaycanın enerji siyasəti və bu siyasətin Avropanın enerji təhlükəsizliyində oynadığı roldan bəhs etmişdir. O, Azərbaycanın  Gürcüstan, Türkiyə, Monteneqro, Çexiya, Ukrayna, Serbiya və başqa ölkələrdə infrastruktur, enerji, turizm sahələrində müxtəlif layihələr həyata kecirməsindən, investisiya yatırımlarından bəhs etmişdir. Xüsusi qeyd edilmişdir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və onu bərabər hüquqlu tərəfdaş kimi qəbul edən hər bir ölkə ilə Biz əməkdaşlığa hazırıq.
Valeh Ələsgərov öz çıxışında Azərbaycanın və regionun inkişafına böyük maneçilik törədən mövcud təhdidlər barədə də  danışmışdır. Bildirilmişdir ki, Ermənistan silahlı birləşmələri tərəfindən  Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətrafyanı rayon  işğal olunmuş, etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə insan  öz doğma yurd-yuvalarından didərgin düşmüş, ölkənin 20% torpağı zəbt edilmişdir. Natiq Ermənistanın bu işğalçılıq siyasətini regional inkişafa əsas təhlükə kimi dəyərləndirmişdir.
Səfər çərçivəsində Azərbaycan Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov Polşa Seyminin sədr müavini Ryszard Terlecki ilə görüşmüşdür.
Görüş zamanı vitse-spiker Varşavada belə bir tədbirin təşkili və dəvətə görə Polşa tərəfinə öz təşəkkürünü bildirmişdir.
Görüşdə ikitərəfli əməkdaşlığın və parlamentlərarası əlaqələrin inkişafı, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, bölgədə cərəyan edən proseslər barədə fikir mübadiləsi aparılmışdır.
Burada keçirilən tədbirlərdə ölkəmizin Polşa Respublikasındakı səfiri Həsən Həsənov iştirak edirdi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU