İSVEÇRƏ YƏHUDİ İCMASININ NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
06 sentyabr 2016 | 05:09   
Paylaşın:        

Sentyabrın 6-da Milli Məclis Sədrinin müavini, Azərbaycan-İsveçrə  parlamentlərarası  əlaqələr  üzrə  işçi  qrupun  rəhbəri Bahar Muradova   ölkəmizdə  səfərdə olan İsveçrə Yəhudi İcmaları  Federasiyasının prezidenti  Herbert Vinterin başçılıq  etdiyi  nümayəndə  heyəti ilə  görüşdü.
Qonaqları səmimi  salamlayan Bahar  Muradova qeyd  etdi ki, Azərbaycan öz  müstəqilliyini  bərpa  etdikdən  sonra  dünya  dövlətləri, o cümlədən İsveçrə ilə  gözəl  münasibətlər  yaradıb. Bu illər ərzində   keçirilən  görüşlər, imzalanan sənədlər, beynəlxalq  qurumlardakı əlaqəli  fəaliyyət  münasibətlərin  yüksələn  xəttlə inkişafının bir  sübutudur.  O, dost  ölkə ilə siyasi, iqtisadi, humanitar və mədəni münasibətlərimizi yüksək dəyərləndirdiyini vurğuladı. Vitse-spiker hər  iki ölkə  Prezidentlərinin  xoş münasibətinin,  intensiv  səfərlərinin  də  bunu özündə əks  etdirdiyini diqqətə çatdırdı. Ali qanunverici orqanlar arasındakı mövcud əlaqələrin inkişafında  dostluq  qruplarının  xüsusi rolu olduğunu deyən  Bahar Muradova  Milli Məclisdə İsveçrə ilə  dostluq  qrupunu  21  deputatın   təmsil etdiyini, bunun parlamentdə ikinci böyük qrup olduğunu  vurğuladı.
Sonra Bahar  Muradova  dostluq  qrupunun  rəhbəri kimi  bu ilin  aprelində İsveçrəyə  səfərini  xatırladı.  Dost  ölkədə  gördüyü dinc  və  balanslı  mühiti, etnik  zəmindəki  anlayışlı  şəraiti, tolerantlığı yüksək  qiymətləndirdi,  İsveçrədəki  vətəndaş  çəmiyyətinin inkişafının  bütün  ölkələrə örnək ola biləcəyini söylədi. Bildirildi ki, Azərbaycan da multikultural  dəyərləri üstün  tutan bir  dövlətdir. Prezident  İlham Əliyevin sərəncamı ilə  2016-cı il ölkəmizdə “Multikulturalizm ili”  elan  edilib. Bahar Muradova dedi ki, yəhudilər Azərbaycanda köklü  xalqların  nümayəndələri kimi bütün  hüquqlardan,  imkanlardan  tam  formada  istifadə  edirlər.  Keçmış postsovet  məkanında  Azərbaycan yeganə məkandır ki, burada  etnik mənsubiyyətə  görə  heç bir  xalqın  nümayəndəsi təzyiqə məruz qalmayıb. Yəhudilər Azərbaycanı  özlərinin  xoşbəxt  və firavan  yaşaya  bildikləri ikinci  Vətəni hesab  edirlər ki, bu da hər zaman İsrail-Azərbaycan münasibətlərində körpü rolunu oynayıb.
Qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin hazırkı durumu barədə məlumat  verən vitse-spiker ölkəmizin  münaqişənin  sülh  yolu ilə, ədalətli  həllinə  tərəfdar  olduğunu diqqət  çatdırdı.
Səmimi  görüşə  və  qonaqpərvərliyə  görə  təşəkkürünü  bildirən   İsveçrə Yəhudi İcmaları  Federasiyasının prezidenti  Herbert Vinter Azərbaycana  səfərin onlarda  yüksək  təəssürat  yaratdığını,  buranı  tolerantlığın  və  müasirliyin  cəmləşdiyi bir  məkan kimi  tanıdıqlarını  vurğuladı. O, ölkələrimiz  arasındakı  münasibətlərdən məmnunluğunu  ifadə  edərək, multikulturalizm modelinin  həyata  keçirilməsi  sahəsində Azərbaycanın  təcrübəsindən  yararlanmaq  istədiklərini qeyd  etdi. Qonaq ölkəmizdə  yəhudi icmasının nümayəndələrinə olan münasibətə görə  minnətdarlığını bildirdi,   müxtəlif  mədəniyyətlərin, etnik və dini  qrupların dinc yanaşı yaşama  məsələləri ilə yaxından  tanış olmaq  üçün bu  səfərin  yaxşı bir fürsət  olduğunu dilə  gətirdi.
Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov  Azərbaycanda  yəhudilərə  göstərilən  diqqət  və hörmətdən ürəkdolusu  danışdı. O, bildirdi ki, yəhudilər  Azərbaycanda  2500  ildir  məskən salıblar və bura  yeganə islam ölkəsidir ki, yəhudilər heç vaxt sıxışdırılmayıb, antisemitizmə  məruz  qalmayıb.  Dövlət  tərəfindən yəhudilərə burada  öz  dillərində  təhsil almaq,  öz  mədəniyyətlərini sərgiləmək üçün  hər  cür şərait  yaradılıb. Ölkədə 6 yəhudi  icması, 10-a  yaxın senaqoq  fəaliyyət  göstərir.  Ermənistanda  isə nə bir  senaqoq  var, nə bir  yəhudi qalıb.  Bu  da özlüyündə  Azərbaycan  tolerantlığının bariz   nümunəsidir.
Söhbətdə qarşılıqlı maraq  doğuran bir  sıra  məsələlər  barəsində  də fikir  mübadiləsi  aparıldı.
Görüşdə Azərbaycanın İsveçrədəki  səfiri Əkrəm Zeynallı, İsveçrə  Yəhudi  İcmaları  Federasiyasının icraçı  direktoru Jonathan Kreutner, Cenevrədəki və Sürixdəki  yəhudi  icmalarının  rəhbərləri Evelyne Morali, Jacques Lande, millət  vəkilləri Kamran Nəbizadə, Tahir  Mirkişili, Malik Həsənov,  Mahir  Abbaszadə  və  digər  rəsmi şəxslər  iştirak  edirdilər.
 
Milli Məclisin
Mətbuat  xidməti

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU