MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

XƏBƏRLƏR
19 dekabr 2011 | 04:12   
Paylaşın:        

Dekabrın 14-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət komitələrinin birgə iclası keçirildi. İclasda yeni Şəhərsalma və Tikinti Məcəlləsi layihəsi ilk oxunuşda  əlaqədar qurumların təmsilçiləri və mütəxəssislərin iştirakı ilə müzakirə edildi.
İclası açan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihənin hazırlanması prosesinə müvafiq qurumların, həmçinin Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti mütəxəssislərinin cəlb olunduğunu, bu sahədə dünya təcrübəsinin öyrənildiyini qeyd etdi. Bildirildi ki, şəhərsalma və tikinti qanunvericiliyi bu fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlət orqanlarının və vətəndaşların bu sahədə hüquq və vəzifələrini müəyyənləşdirəcək.
Sənəd barəsində Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini  Səyyad Kərimov ətraflı məlumat verərək dedi ki, ölkədə aparılan islahatlar, investisiya mühitinin yaxşılaşdırılması və tikinti sektorunun inkişafı bu sahənin tənzimlənməsində təkmil qanunvericilik bazasının formalaşdırılması zərurətini yaradır. Qeyd olundu ki, Məcəllə 3 bölmədən ibarətdir. İlk bölmədə şəhərsalma və tikinti qanunvericliyinin təyinatı, bu sahədə dövlətin və bələdiyyələrin səlahiyyəti, normativ-texniki sənədlər, informasiya təminatı sistemləri əksini tapıb. Sənədin ikinci bölməsi şəhərsalma, üçüncü bölməsi isə tikinti fəaliyyətini əhatələyir. 99 maddədən ibarət qanun layihəsində ərazi planlaşdırılması, tikinti fəaliyyətinin subyektləri, tikintiyə dair ümumi tələblər, mühəndis-axtarış işləri, tikinti obyektlərinin təhlükəsiz istismarı, tikintiyə icazənin verilməsi üçün icraat, icazənin qüvvədə olma müddəti, texniki şərtlər, layihələrin ekspertizası, tikintilərin dövlət reyestri və digər məsələlər ətraflı şərh edilib.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məcəllənin ölkə iqtisadiyyatının ikişafı baxımından vacib olacağını və layihənin geniş müzakirəsinə ehtiyac duyulduğunu vurğuladı.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova  şəhərsalmanın gələcək perspektivləri barədə ictimaiyyətin əvvəlcədən məlumatlandırılmasını vacib saydı.
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev sənədin əhəmiyyətindən söz açdı. Tikinti və şəhərsalma məsələsinin hər bir vətəndaşın maraq və mənafeyi çərçivəsində olduğu üçün işçi qrupun sənədə olduqca həssaslıq və peşəkarlıqla yanaşdığını qeyd etdi.
Sonra millət vəkilləri, əlaqədar təşkilatların təmsilçiləri qanunun zəruriliyini vurğulayaraq layihədəki bəzi müddəaların təkmilləşdirilməsini təklif etdilər.
Müzakirələrin sonunda qanun layihəsi ilk oxunuşda baxılması üçün parlamentin plenar iclasına tövsiyə olundu.


                                                  Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU