DÜNYA DÖVLƏTLƏRİ ERMƏNİSTANIN İŞĞALÇILIQ SİYASƏTİNİ PİSLƏYİR

XƏBƏRLƏR
23 aprel 2012 | 06:04   
Paylaşın:        

Bu yaxınlarda Milli Məclisə daxil olmuş məlumatda bildirilir ki, Kolumbiya parlamentində Ermənistanın işğalçılıq siyasətini pisləyən qərar qəbul olunmuşdur. Belə ki, cari ilin mart ayının 28-də Kolumbiya Senatının Xarici İşlər və Milli Müdafiə məsələləri üzrə II Konstitusional Daimi Komitəsində “Azərbaycan Respublikası ərazisinin qanunsuz işğal edilməsi” haqqında Qərar qəbul edilmişdir.
Komitənin sədri senator Alexandra Moreno Pirakive tərəfindən komitədə səsverməyə çıxarılmış sənəddə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı və Xocalı faciəsinin məhz soyqırım aktı olması öz əksini tapmışdır. Layihə komitə üzvləri tərəfindən qəbul edildikdən sonra Senatın plenar sessiyasına çıxarılmış və yekdilliklə təsdiq olunmuşdur.
Sənəddə birmənalı şəkildə bildirilir ki, Kolumbiya Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisinin və onun ətrafındakı 7 rayonun qanunsuz hərbi işğalını qəbul etmir, dinc əhaliyə qarşı törədilmiş fiziki işgəncə və zorakılıqları, xüsusən də Xocalı soyqırımı zamanı yol verilmiş hərəkətləri pisləyir və Ermənistan hökumətini BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini yerinə yetirməyə çağırır.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU