MDB PA-NIN MÜŞAHİDƏÇİ MİSSİYASININ NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
25 sentyabr 2016 | 04:09   
Paylaşın:        

Sentyabrın 25-də  Milli Məclis  Sədrinin müavini, Təbii  ehtiyatlar, energetika  və ekologiya  məsələləri  komitəsinin  sədri Valeh Ələsgərov  Azərbaycanda ölkə Konstitusiyasına dəyişikliklərlə əlaqədar   keçiriləcək referendumu  müşahidə  edəcək MDB Parlament  Assambleyasının  müşahidəçi  missiyasının üzvləri ilə görüşdü.
Qonaqları məmnunluqla  salamlayan Valeh Ələsgərov qeyd  etdi ki, müasir dövrdə vətəndaşlar seçki hüququna daha çox önəm verirlər.  Azərbaycan  Konstitusiyasına  dəyişikliklər  edilməsi   vətəndaş  cəmiyyətinin  sifarişidir.  Dünyada  və  regionda  baş  verən  təhlükəli proseslərə qarşı sığortalanmaq ölkəmizdə Prezidentlik İnstitutunun  və idarəetmənin gücləndirilməsini  tələb  edirdi. O, sabah Azərbaycanda  bununla  əlaqədar  keçiriləcək ümumxalq  səsverməsini - refendumu izləmək  üçün   Bakıda  səfərdə olan qonaqlara uğurlar arzuladı.
 MDB PA ilə  ölkəmiz  arasındakı  münasibətlərdən  söz  açan  vitse-spiker bildirdi ki, bundan  əvvəl  də  dəfələrlə  Azərbaycanda  keçirilən  seçki proseslərini   müşahidə  edən təşkilatın  müşahidəçi  missiyasının  üzvləri  hər  zaman obyektiv  və ciddi  yanaşma  nümayiş  etdiriblər. 
Nümayəndə heyətinin rəhbəri, Rusiya Federal Şurası Federal Məclisinin sədr  müavini İlyas Umaxanov, Federal Məclisin komitə  sədri Dmitri  Azarov, Qazaxıstan Parlamentinin   nümayəndəsi  Serik Bekturqanov səmimi və qonaqpərvər münasibətə  görə  minnətdarlıqlarını  bildirdilər. Qonaqlar çıxışlarında obyektivliyin MDB Parlament Assambleyasının müşahidəçilik  missiyasının əsas  xətti olduğunu qeyd  etdilər. Artıq məntəqə seçki komissiyalarının formalaşması,  proseslərdə  yeni  texnologiyaların  tətbiqi, təqvim planlarının tərtib edilməsi və digər proseslərlə yaxından maraqlandıqlarını  deyən qonaqlar sabah Azərbaycanda ümumxalq səsverməsinin yüksək  səviyyədə, beynəlxalq standartlara uyğun, şəffaf və ədalətli  keçiriləcəyinə   əminliklərini ifadə  etdilər.
Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edildi, qonaqları maraqlandıran  suallara  aydınlıq gətirildi.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU