ATƏT PARLAMENT ASSAMBLEYASININ PAYIZ SESSİYASINDA

XƏBƏRLƏR
28 sentyabr 2016 | 06:09   
Paylaşın:        

Milli Məclisin deputatları Azay Quliyev, Kamran Nəbizadə və Tahir Mirkişili ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün sentyabrın 29-da Makedoniyanın paytaxtı Skopye şəhərinə səfər edəcəklər.
Sessiya çərçivəsində “ATƏT regionunda etimadın qurulması tədbirlərinin və yaxşı idarəetmənin gücləndirilməsi” adlı Parlament Konfransı keçiriləcək. ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Parlament Konfransının “ATƏT regionunda yaxşı idarəetmə iqtisadi inkişafın möhkəmləndirilməsinin zəmini kimi” adlı toplantısına sədrlik edəcək. Konfransda “Cənub-Şərqi Avropada demokratik institutların və insan haqlarının inkişaf etdirilməsi: bu fəaliyyətdə ATƏT-in rolu” və “Beynəlxalq miqrasiyanın idarə edilməsi əsasında insan haqlarının inkişafı” mövzularında da müzakirələr aparılacaq.
Sessiya ərzində, həmçinin, Aralıq dənizi Forumu keçiriləcək. Forum iştirakçıları bir sıra aktual məsələlərlə bağlı  fikirlərini bölüşəcəklər. 
Deputatlarımız qeyd olunan toplantılarda fəal iştirak edəcək, müzakirəyə çıxarılan məsələlər barədə fikirlərini, rəy və təkliflərini bildirəcəklər. 
Səfər zamanı millət vəkili Azay Quliyev, habelə, ATƏT PA-nın Daimi komitəsinin iclasına qatılacaq. Yığıncaqda beynəlxalq katibliyin daxili islahatlar vasitəsi ilə gücləndirilməsi, beynəlxalq katiblik tərəfindən üzvlərin dəstəklənməsi, digər tərəfdaşlarla əməkdaşlığın qurulması məsələləri və gələcək tədbirlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər oktyabrın 3-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU