İvan MOREYRA: “DAĞLIQ QARABAĞI RESPUBLİKA KİMİ TANIMIRIQ, BİLİRİK Kİ, İŞĞAL OLUNMUŞ ƏRAZİDİR.”

XƏBƏRLƏR
28 sentyabr 2016 | 07:09   
Paylaşın:        

Sentyabrın 28-də Milli Məclis Sədrinin müavini Bahar Muradova Çili Senatında Azərbaycanla dostluq qrupunun sədri İvan Moreyranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonaqların əlamətdar dövrdə Bakıya gəldiyini vurğulayan vitse-spiker referendumun məqsədləri barədə danışdı. Azərbaycanda dövlət quruculuğunun möhkəmləndirilməsinə ciddi diqqət yetirildiyini, bu baxımdan müxtəlif sahələri əhatə edən ardıcıl islahatların həyata keçirildiyini bildirdi. Bahar Muradova Azərbaycan-Çili əlaqələrinin genişləndirilməsi, münasibətlərin dərinləşdirilməsi istiqamətində hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının çox iş görə biləcəyini qeyd etdi. Qloballaşan dünyada bütün ölkələrin müasir çağırışlara qoşulması vacibliyini vurğuladı. Dağlıq Qarabağ probleminin həllində Çili Senatını haqqı və ədaləti dəstəkləməyə çağırdı. Dedi ki, müasir dünyada sülhün bərqərar olması üçün ölkələrin ərazi bütövlüyü və suverenliyi qorunmalıdır.
Görüşdə nümayəndə heyətinin rəhbəri, Çili Senatında Azərbaycanla dostluq qrupunun sədri İvan Moreyra dedi ki, Azərbaycan bölgədə vacib ölkədir və biz bu ölkə ilə əlaqələrin intensivləşməsini arzulayırıq. Qonaq ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini nəzərə çatdırdı. Qeyd etdi ki, Çili Dağlıq Qarabağı respublika kimi tanımır, biz bilirik ki, hazırda Dağlıq Qarabağ işğal olunmuş ərazidir. Parlament diplomatiyasının əhəmiyyətini yüksək dəyərləndirən İvan Moreyra qarşılıqlı səfərlərin böyük səmərə verə biləcəyini söylədi.
Görüşdə Çili senatının Xarici əlaqələr komitəsinin sədri Xorxe Pisaro da fikirlərini bölüşdü.
Sonra ikitərəfli əməkdaşlığı genişləndirmək istiqamətində səmərəli fikir mübadiləsi aparıldı.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU