ARGENTİNA PARLAMENTİNİN NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
29 sentyabr 2016 | 07:09   
Paylaşın:        

Sentyabrın 29-da  Milli Məclis Sədrinin  müavini, İnsan  hüquqları  komitəsinin sədri  Bahar Muradova V Bakı Beynəlxalq  Humanitar  Forumunda iştirak  etmək  üçün ölkəmizdə  səfərdə  olan  Argentina  Parlamenti Deputatlar Palatasının 2-ci vitse-spikeri Patrisiya  Ximenezin başçılıq  etdiyi  nümayəndə  heyəti ilə görüşdü.
Qonaqları səmimi salamlayan Bahar Muradova Azərbaycan  parlamentinin  fəaliyyəti,  qəbul  edilən  qanunvericilik  aktları, rəhbərlik  etdiyi  komitənin   işi  barədə ətraflı məlumat  verdi.  Qeyd  olundu  ki, Azərbaycan  regionun  lider  dövlətidir.  Müstəqilliyini  bərpa  etdiyi  qısa  vaxt ərzində  böyük  nailiyyətlərə  imza  atan ölkəmizdə iqtisadi  islahatlar  uğurla  həyata  keçirilir.  Azərbaycanın  Argentina  ilə  münasibətlərinin yüksək  səviyyədə olduğunu  deyən Bahar Muradova   bu  sahədə parlament  dostluq  qruplarının  rolundan söz  açdı.
Qonaqlara Azərbaycanın ən  ağrılı problemi olan Ermənistan – Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsi  barədə məlumat  verən  Milli Məclis  Sədrinin müavini  bu  münaqişə  nəticəsində  bir  milyondan  artıq  insanın öz doğma  vətənində  məcburi köçkünə  çevrildiyini  dedi. Bu  konfliktin  bütün regionun  təhlükəsizliyini  təhdid  altında  saxladığını  diqqətə  çatdırdı.  Argentinanın  da  eyni  tipli  problem  yaşadığını  bildirən  Bahar  Muradova  bütün ölkələrin  humanitar  fəlakətlərin  qarşısını  almaq  üçün beynəlxalq  hüquqi  dəyərlər uğrunda  birləşməli  olduğunu vurğuladı.
Səmimi  görüş  və  qonaqpərvərlik üçün  minnətdar  olduğunu  bildirən Argentina  Parlamenti Deputatlar Palatasının 2-ci vitse-spikeri Patrisiya Ximenez səfər çərçivəsində Azərbaycanda keçirəcəyi  görüşlərin əhəmiyyətli  olacağına  ümid  etdiyini  vurğuladı.  Xanım qonaq ölkəmizdə  müşahidə  etdiyi  iqtisadi  inkişafdan,  yenidənqurma və bərpa  işlərindən, ekoloji  mühitin qorunması sahəsində tərəqqidən   məmnunluğunu  ifadə  etdi  və  Argentinanın   Azərbaycanla iqtisadi və mədəni  əməkdaşlığı  dərinləşdirməkdə  maraqlı olduğunu  dedi. O, əlaqələrimizin daha da inkişafı üçün parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərin  intensivləşməsinin  vacibliyini bildirdi.
Görüşdə Azərbaycanın Argentinadakı  fövqəladə  və  səlahiyyətli səfiri Rəşad Aslanov, Argentinanın ölkəmizdəki səfiri Karlos  Dante və  digər  rəsmi  şəxslər  iştirak  edirdilər.

Milli Məclisin
Mətbuat  xidməti 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU