MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ AFRİKA İTTİFAQININ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞDÜ

XƏBƏRLƏR
29 sentyabr 2016 | 07:09   
Paylaşın:        

Sentyabrın 29-da Milli Məclisin Sədr müavini, Təbii ehtiyatlar, energetika və ekologiya  komitəsinin  sədri Valeh Ələsgərovun  ölkəmizdə  səfərdə olan Afrika  İttifaqının  siyasi məsələlər  üzrə komissarı  xanım Aişə Abdullahi ilə  görüşü oldu.
Valeh Ələsgərov qonağı səmimi salamlayaraq vaxtilə Azərbaycanın Afrika  İttifaqı ilə təhsil sahəsində əlaqələrinin çox  güclü olduğunu vurğuladı. Hazırda Afrika İttifaqı ilə iqtisadi əlaqələrin yüksək  səviyyədə  olmadığını  da  təəssüf  hissi ilə qeyd  etdi.  Bunun üçün  hər iki  tərəfdə  yüksək potensialın olduğunu  diqqətə çatdırdı. Vitse-spiker  Afrika  İttifaqına  daxil olan 26  ölkə ilə İslam Əməkdaşlıq  Təşkilatı çərçivəsində uğurlu  əməkdaşlıqdan söhbət  açdı və  qeyd  etdi ki,  bu ölkələr  hər  zaman Azərbaycanın ərazi  bütövlüyü  məsələlərində  dəstək  göstərirlər.
V Bakı Beynəlxalq  Humanitar Forumunda  iştirak  məqsədilə   ölkəmizə  səfər  etdiyini deyən Afrika  İttifaqının  siyasi məsələlər  üzrə komissarı Aişə Abdullahi Azərbaycanda  gördüyü  qonaqpərvərlikdən və   keçirdiyi  görüşlərdən  məmnunluğunu bildirdi. O da  öz  növbəsində  Afrika İttifaqının Azərbaycanla iqtisadi  və mədəni  sahələrdə əlaqələrin  dərinləşdirilməsində  maraqlı  olduğunu vurğuladı. Təhsil  sahəsində   bəzi  işlərin  görüldüyünü  diqqətə  çatdıran qonaq bildirdi ki,  hazırda  Bakı Ali Neft Məktəbində və Azərbaycan Diplomatiya  Akademiyasında  Afrika  İttifaqından  olan  onlarla  tələbə  təhsil  alır.
Söhbətdə  qarşılıqlı  maraq  doğuran  bir  sıra  məsələlər  barəsində   fikir  mübadiləsi  aparıldı.
 Görüşdə Azərbaycanın Afrika İttifaqı yanında daimi  nümayəndəsi  Elman Abdullayev  iştirak  edirdi.

 

Milli Məclisin
Mətbuat  xidməti 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU