Kristina BARCERO: “Azərbaycandakı tolerantlıq və multikultural ənənələr demokratiyanın göstəricisidir.”

XƏBƏRLƏR
30 sentyabr 2016 | 07:09   
Paylaşın:        

Sentyabrın 30-da Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İtaliya parlamentinin senatorları və deputatlarından ibarət nümayəndə heyəti ilə görüşdü.
V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarını Milli Məclisdə salamlayan I vitse-spiker dövlətlərarası və beynəlxalq münasibətləri möhkəmləndirmək üçün bu tədbirin yaxşı platforma olduğunu vurğuladı. Ölkəmizdə İtaliya ilə əməkdaşlığa önəm verildiyini dedi. İqtisadi, ticarət və humanitar əlaqələrin daha da dərinləşməsinə tərəfdar olduğumuzu nəzərə çatdırdı. Azərbaycan Prezidentinin İtaliyaya səfərləri zamanı bir sıra sənədlərin imzalandığını qeyd edən Ziyafət Əsgərov bildirdi ki, Milli Məclis qanunvericilik fəaliyyətində həmin münasibətlərin hüquqi bazasını möhkəmləndirməyə çalışıb. Parlamentlərarası əlaqələrimiz inkişaf edir və İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupumuzda 24 deputat təmsil olunur.
Görüşdə İtaliya Senatında Maliyyə işləri üzrə komitənin sədri senator Mauro Mariya Marino  Milli Məclisin deputatı Azər Kərimlinin rəhbərlik etdiyi işçi qrupla sıx əlaqələrin qurulduğunu söylədi. Öz ölkəsində Azərbaycanla münasibətlərin inkişafına strateji baxımdan böyük əhəmiyyət verildiyini dedi. Təmsil etdikləri İtaliya parlamentinin hər iki palatasında Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ərazi bütövlüyünün və ədalətli mövqeyinin dəstəkləndiyini xüsusi vurğuladı. Qonaq Bakıdakı Humanitar Forumla bağlı xoş təəssüratlarını bölüşdü. Çoxşaxəli əməkdaşlıqda maraqlı olduqlarını vurğuladı.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq aləmdəki münasibətdən, nüfuzlu təşkilatlarda qəbul olunmuş qətnamələrdən söz açan Ziyafət Əsgərov ATƏT-in üzvü və sivil dövlət olaraq İtaliyanın bu problemin həllinə dəstəyini artırmasını arzuladı. Ölkələrimiz arasındakı siyasi, iqtisadi, mədəni əlaqələrdən danışaraq Heydər Əliyev Fondunun dəstəyi ilə İtaliyada həyata keçirilən layihələri qeyd etdi. Əməkdaşlığın inkişafı üçün çox yaxşı perspektivlər olduğunu dedi. Azərbaycanın regiondakı iqtisadi mövqeyi və yaxın gələcəkdəki imkanları barədə danışdı.
Fikirlərini bölüşən qonaqlardan xanım deputat Kristina Barcero vurğuladı ki, Azərbaycandakı tolerantlıq və multikultural ənənələr demokratiyanın göstəricisidir.
Sonra Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov italiyalı senatorları və deputatları maraqlandıran bir sıra sualları cavablandırdı. 
Görüşdə Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və  İtaliyanın ölkəmizdəki səfiri Canpaolo Kutillo iştirak edirdilər. 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU