MEKSİKA İLƏ ƏLAQƏLƏRİMİZ GENİŞLƏNİR

XƏBƏRLƏR
30 sentyabr 2016 | 07:09   
Paylaşın:        

Sentyabrın 30-da Milli Məclisdə Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Meksika Birləşmiş Ştatları parlamentinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşdülər.
Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ülvi Quliyev qonaqlara Milli Məclisin tərkibi və strukturu barədə məlumat verdi. Ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafında diplomatik münasibətlərin rolundan danışdı. 2005-ci ildə Milli Məclisdə, 2010-cu ildə isə Meksika parlamentində yaradılmış dostluq qruplarının əhəmiyyətini qeyd etdi. Azərbaycanda vicdan, söz və fikir azadlığının təminatı, məhkəmə sistemi, korrupsiyaya qarşı aparılan mübarizə, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən dövlət proqramları, ASAN xidməti barədə məlumat verdi. Ölkəmizdə təhsilə və idmana xüsusi diqqət yetirildiyini dedi. Gənclərə yaradılan şəraiti qeyd etdi. Bildirdi ki, Azərbaycanda bütün sahələr qanunvericiliklə tənzimlənir. Referendumun nəticələri bir daha əminlik yaratdı ki, xalq Prezidentin təşəbbüslərini dəstəkləyir.  
Ülvi Quliyev Meksika parlamentinin 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsi və Xocalı faciəsi ilə bağlı obyektiv gerçəkliyi əks etdirən sənədlər qəbul etdiyini minnətdarlıqla vurğuladı. Həmin qətnamələrin böyük əhəmiyyət daşıdığını dedi. 
Görüşdə Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini Flores son illər ikitərəfli münasibətlərdə irəliləyiş olduğunu söylədi. İqtisadi əlaqələrə, ticarət dövriyyəsinə dair konkret rəqəmləri sadalayaraq daha sıx əməkdaşlıq üçün hər iki tərəfdə yaxşı perspektivlərin mövcud olduğunu dedi. Meksikanın ixrac imkanlarından söz açdı. Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli həllini arzuladıqlarını bildirdi.
Sonra Meksika-Azərbaycan dostluq qrupunun sədr müavini Venseslao Martinez Santas,  deputat Aqil Abbas fikirlərini bölüşdülər. Turizm, mədəniyyət, incəsənət, təhsil, biznes və digər sahələrdə Azərbaycanla Meksikanın ikitərəfli faydalı əməkdaşlığı üçün geniş imkanlar olduğu qeyd edildi. Milli Məclislə əməkdaşlığın möhkəmlənməsi yüksək dəyərləndirildi. Hər iki tərəfdən deputatların görüşlərinin intensivləşməsi vacib sayıldı.
Söhbət zamanı perspektivdə duran bir sıra məsələlər müzakirə edildi.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU