ABŞ JURNALİSTİ MİLLİ MƏCLİSDƏ OLDU

XƏBƏRLƏR
03 oktyabr 2016 | 06:10   
Paylaşın:        
Oktyabrın 3-də Milli Məclis Sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan ABŞ jurnalisti Raul Loveri Kontreras ilə görüşdü.
Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Raul Loveri Kontreras bildirdi ki, o, Xocalı soyqırımı haqqında kitabın müəllifidir. Azərbaycana səfərinin məqsədi isə müasir Azərbaycan haqqında növbəti kitab hazırlamaq üçün ətraflı məlumat toplamaqdır.
Bahar Muradova qonağa Azərbaycanın müstəqillik tarixi, Milli Məclisin strukturu, parlamentin səlahiyyətləri, seçki sistemi, seçki kampaniyaları, qadınların ölkənin ictimai-siyasi həyatında rolu, Azərbaycanın multikulturalizm ənənələri barədə ətraflı məlumat verdi.
Bildirdi ki, Azərbaycanda qadınların ictimai-siyasi sahədə, seçkili orqanlarda təmsilçiliyi yüksələn dinamika ilə gedir. Qadınlar ölkə həyatının bütün sahələrində yaxından iştirak edirlər. Onlar üçün heç bir məhdudiyyət yoxdur.
Söhbət zamanı qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verildi. Bildirildi ki, Ermənistan Suriyadan qaçqın düşmüş erməniləri Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yerləşdirir ki, bu da narahatlıq doğurur.
Sonra Milli Məclis Sədrinin müavini Bahar Muradova qonağı maraqlandıran suallara cavab verdi.
Görüşdə Milli Məclisin deputatı Sevinc Fətəliyeva da iştirak edirdi.

Milli Məclisin
Mətbuat xidməti  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU