Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolu böyükdür

XƏBƏRLƏR
24 aprel 2012 | 03:04   
Paylaşın:        

  Aprelin 24-də Bakıda səfərdə olan İordaniya Haşimilər Krallığı Senatı sədrinin birinci müavini Abdurrauf ər-Ravabidənin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdü.
İşçi qrupun rəhbəri, deputat Ərəstun Cavadov bildirdi ki, Azərbaycan ilə İordaniya arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Dövlətlərimizin başçıları arasındakı dostluq münasibətləri bütün sahələrdə, eləcə də parlamentlərimiz arasında əməkdaşlığın inkişafı üçün geniş zəmin yaradır.
Görüşdə işçi qrupun üzvləri qonaqlara Azərbaycanın sosial iqtisadi inkişafı, beynəlxalq əlaqələri, Avropaya inteqrasiyası barədə ətraflı məlumat verildi. Bildirildi ki, Azərbaycan ilə İordaniya arasında münasibətlər möhkəmlənir, əməkdaşlığımızın əhatə dairəsi genişlənir. Əlaqələrimizin inkişafında dövlətlərimizin başçılarının rolu böyükdür. İnanırıq ki, qarşılıqlı səfərlər, eləcə də bu səfər parlamentlərimiz arasındakı əlaqələrin inkişafına təkan verəcəkdir.
Abdurrauf ər-Ravabidə Azərbaycana səfərlərindən məmnun qaldıqlarını bildirdi. Qeyd etdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf etmişdir. Bunu Bakıya düşən andan hiss etmək mümkündür. Səfərimizin məqsədi də parlamentlərarası əlaqələrin inkişafına və beynəlxalq əməkdaşlığa dair məsləhətləşmələr aparmaqdır.
Sonra görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin vacibliyi, Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına üzvlüyünün əhəmiyyəti, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə fikir mübadiləsi aparıldı. 
Söhbətdə dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolu xüsusi qeyd edildi, qanunverici orqanlar arasında əməkdaşlığın vacibliyi vurğulandı. Bildirildi ki, 4 il əvvəl İordaniya-Azərbaycan dostluq cəmiyyəti yaradılmışdır. Hazırda 300-dək üzvü olan bu cəmiyyət mədəni sahədə əlaqələrin inkişafında mühüm rol oynayır.  Qeyd olundu ki, Azərbaycanda da belə bir qurumun yaradılması məqsədəuyğundur.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU