PARLAMENTİN YUNİSEF-lə ƏMƏKDAŞLIĞI BÖYÜK SƏMƏRƏ VERİR

XƏBƏRLƏR
06 oktyabr 2016 | 06:10   
Paylaşın:        

Oktyabrın 6-da Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova BMT Uşaq Fondunun (YUNİSEF) ölkəmizə yeni təyin olunmuş nümayəndəsi Edvard Karvardin ilə görüşdü.
Qonağı təyinat münasibətilə təbrik edən vitse-spiker Azərbaycanla YUNİSEF arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini vurğuladı.  Uşaq hüquqlarının müdafiəsi sahəsində çoxsaylı birgə layihələrin uğurla həyata keçirildiyini dedi. Qeyd etdi ki, Azərbaycan uşaqları YUNİSEF-i tanıyır. Bu isə qurumun ölkəmizdəki nüfuzunun göstəricisidir. 
Parlament və ayrı-ayrı deputatlar səviyyəsində YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi ilə sıx əlaqələrin mövcudluğunu xatırladan Bahar Muradova Edvard Karvardinin əməkdaşlığı daha da möhkəmləndirəcəyinə əminliyini bildirdi.
Milli Məclis Sədrinin müavini nəzərə çatdırdı ki, parlamentdə qanunvericilik aktlarının hazırlanması prosesində uşaq hüquqları mütləq nəzərə alınır. Xüsusilə son 10 ildə qəbul edilən qanunlarda gender məsələlərinə və uşaq haqlarına xüsusi diqqət yetirilib. Gələn ilin büdcəsi müzakirə olunarkən uşaq hüquqları məsələsi daha geniş aspektdə nəzərə alınacaq.
Görüşdə Edvard Karvardin YUNİSEF-in Azərbaycandakı nümayəndəsi kimi görəcəyi işlər, nəzərdə tutduğu fəaliyyət proqramı və planları barədə ətraflı məlumat verdi.  Azərbaycanda son 10 ildə uşaq hüquqlarının qorunması sahəsində böyük irəliləyişin olduğunu qeyd etdi. Bildirdi ki, ölkəmizdə uşaq ölümü 50 faiz azalıb, onların məktəbə cəlb olunması və uşaqlar arasında yoxsulluğun azaldılması istiqamətində mühüm nailiyyətlər əldə edilib.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş uşaqlarımızın pozulmuş hüquqlarının bərpası, həmçinin ermənilərin mütəmadi hərbi təcavüzü nəticəsində cəbhəyanı bölgədə yaşayan dinc əhalinin, xüsusilə uşaqların rahatlığının pozulmasına qarşı YUNİSEF çərçivəsində beynəlxalq hüquq normalarından istifadə olunması  və digər vacib məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU