AVSTRALİYA GÖRÜŞLƏRİ

XƏBƏRLƏR
18 oktyabr 2016 | 05:10   
Paylaşın:        

Xəbər verildiyi kimi, Milli Məclisin nümayəndə heyəti Avstraliyada səfərdədir. Oktyabrın 17-də Avstraliyanın Pert şəhərində Milli Məclisin  Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Xanlar Fətiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qərbi Avstraliya Senatının  sədri Barri Haus və Nümayəndələr palatasının sədri Maykl Sazerlend ilə görüşləri keçirilib.
Azərbaycan tərəfindən görüşlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov, Qərbi Avstraliyada Azərbaycanın fəxri konsulu Aydan Rzayeva iştirak edirdilər.
Görüşlərdə Qərbi Avstraliyanın turizm, kənd təsərrüfatı, iqtisadiyyat və sənaye nazirliklərinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edirdilər. Parlamentin hər iki palatasının sədrləri Azərbaycan nümayəndə heyətini Dövlət Müstəqilliyimizin bərpasının 25 illiyi ilə əlaqədar təbrik etmiş və ölkəmizə xoş arzularını çatdırmışlar.
Danışıqlarda Azərbaycanla Avstraliya arasında əməkdaşlığın genişləndirilməsi məsələləri, siyasi, iqtisadi əlaqələrin inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət, turizm, kənd təsərrüfatı və humanitar sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur.
Həmin gün nümayəndə heyəti Pert şəhərində yerləşən ölkəmizin Avstraliya İttifaqındakı Fəxri Konsulluğu ilə tanış olmuşdur. Fəxri konsul Aydan Rzayeva konsulluğun fəaliyyəti haqqında deputatlara geniş məlumat vermişdir.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU