AVSTRALIYA FEDERAL PARLAMENTİNDƏ MÜSTƏQİLLİYİMİZİN 25 İLLİYİ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR

XƏBƏRLƏR
19 oktyabr 2016 | 06:10   
Paylaşın:        

Oktyabrın 19-da Avstraliya Federal Parlamentində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş qəbul keçirilmişdir.
Tədbiri açan Azərbaycan ilə parlamentlərarası dostluq qrupunun üzvü senator Bək Kristofer Con qəbulda iştirak edən qonaqlarla Azərbaycan haqqında öz xatirələrini bölüşdü. O, bildirdi ki, bu yaxınlarda Azərbaycana səfər etmiş, respublikamızda keçirilən referendumda müşahidəçi qismində iştirak edib. Natiq qeyd etdi ki, Azərbaycanda referendumda şəffaflıq və səsvermə prosesinə nəzarət çox yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycan xalqı çox qonaqpərvərdir, deyən senator Avstraliya ilə  Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın inkişafının vacibliyini vurğuladı, kənd təsərrüfatı, ticarət və digər istiqamətlərdə əlaqələrin dərinləşdirilməsi üçün böyük imkanlar olduğunu qeyd etdi.
Tədbirdə çıxış edən Azərbaycan ilə parlamentlərarası dostluq qrupun üzvü, Avstraliya Federal Parlamentinin deputatı Kelli Kraig Robert ölkəmizə səfərindən danışaraq Şəhidlər xiyabanını ziyarətini xatırladı. O,  Azərbaycanın müstəqilliyi uğrunda həlak olan insanlardan danışdı. Millət vəkili onu da qeyd etdi ki, Azərbaycan çox mürəkkəb bir regionda yerləşir.  Bakıya səfərini xatırlayan deputat paytaxtımızın gözəl arxitekturaya malik olduğunu söylədi.
Qəbulda çıxış edən Milli Məclisin deputatı, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev  qonaqları salamladı. O, ümumilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizin çiçəkləməsindəki xidmətlərindən söz açaraq, son illər Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışdı. Xanlar Fətiyev  Azərbaycanla Avstraliya arasında xalqlarımızın rifahı naminə bütün sahələrdə inkişafın vacibliyini qeyd edərək, bu istiqamətdə bütün səylərin  səfərbər edilməsinin önəmini vurğuladı.
Ölkəmizin Avstraliyadakı səfiri Rövşən Cəmşidov öz çıxışında müstəqil Azərbaycan haqqında tədbir iştirakçılarına geniş məlumat verdi.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd etdi ki, hər bir xalqın ən böyük arzusu onun müstəqilliyidir və Azərbaycan xalqı buna nail ola bilib. Millət vəkili Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi yoldan, regionda lider dövlətə çevrilməsindən, respublikamızın inkişafından danışdı.
Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışdı. Azərbaycanın tolerantlıq ənənələrindən söz açan millət vəkili qeyd etdi ki, multikulturalizm bu gün Azərbaycanda dövlət siyasətidir.
Tədbirdə Avstraliyanın nüfuzlu siyasətçisi, keçmiş baş nazir Toni Abbot da iştirak edirdi. Ziyafətdə dövlət və hökumət rəsmiləri, diplomatik korpusun təmsilçiləri, biznes dairələrinin və kütləvi informasiya vasitələrinin nümayəndələri, Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Azərbaycan, Türk, Yəhudi icmalarının, həmçinin ictimaiyyətin tanınmış təmsilçiləri iştirak edirdilər.

*     *     *

Həmin gün Milli Məclisin Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Xanlar Fətiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkənin xarici işlər naziri xanım Culi Bişopla görüşüb.
Görüşdə Azərbaycan nümayəndə heyəti xanım Culi Bişopa Avstraliyanın Dağlıq Qaradağ münaqişəsi ilə bağlı ədalətli mövqeyinə görə minnətdarlığını bildirdi.
Xanım Culi Bişop Avstraliya ilə Azərbaycan arasında iqtisadi, qarşılıqlı investisiyaların qorunması, ticarət sahələrini əməkdaşlığın əsas inkişaf istiqamətləri kimi dəyərləndirdi. O, vurğuladı ki, hal-hazırda Avstraliyanın şirkətləri Azərbaycanın neft-qaz sektorunda çox uğurlu fəaliyyət göstərir. Nazirin sözlərinə görə Avstraliya Azərbaycanın Neft Fondunun investisiyalari üçün çöx maraqlı ölkə ola bilər. Söhbətdə ikiqat vergitutmanın aradan qaldırılması, biznes əlaqələrin inkişafı üçün lazımlı tədbirlərin görülməsi, transmilli cinayətkarlıq və terrorizmlə mübarizə, nəqliyyat və təhsil sahələrində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparıldı.
Görüşdə Azərbaycanın bölgədəki strateji mövqeyi qeyd edilərək Avstraliyanın ökəmizdə təmsilçiliyi məsələsi müzakirə olundu.
Qəbulda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə, ölkəmizin Avstraliyadakı səfiri Rövşən Cəmşidov və Avstraliyada Azərbaycanın fəxri konsulu Aydan Rzayeva iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU