MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
20 oktyabr 2016 | 03:10   
Paylaşın:        
Oktyabrın 20-də Milli Məclisin Sədr müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Seneqal Respublikası Baş Gömrük İdarəsinin Baş direktoru Papa Ousmane Gueyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Azərbaycanla Seneqal arasında qarşılıqlı münasibətlərin, iqtisadi əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd edən Valeh Ələsgərov bildirdi ki, bunun üçün hər iki tərəfdə kifayət qədər potensial var. Münasibətlərin inkişafında qarşılıqlı səfərlər mühüm rola malikdir. Ölkələrimiz beynəlxalq təşkilatlarda, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatında qarşılıqlı dəstək şəraitində fəaliyyət göstərir və bu ənənəni qoruyub saxlamaq lazımdır. 
Valeh Ələsgərov qonaqlara Milli Məclisin fəaliyyəti, strukturu  və parlamentarizm ənənələri barədə geniş məlumat verdi. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, parlamentlərarası münasibətlərin inkişaf etdirilməsi,  iki ölkə arasında beynəlxalq sənədlərin imzalanmasının vacibliyi, energetika sahəsində əməkdaşlıq, investisiyaların qarşılıqlı təşviqi, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən iri energetika və nəqliyyat layihələri, Azərbaycanda energetika sahəsində həyata keçirilən işlər müzakirə mövzusu oldu.
Səmimi görüş üçün təşəkkürünü bildirən  Seneqal Baş Gömrük İdarəsinin Baş direktoru Papa Ousmane Gueye Azərbaycanın inkişafından məmnunluğunu bildirdi. Diqqətə çatdırdı ki, Azərbaycanın energetika sahəsindəki zəngin təcrübəsindən Seneqal da bəhrələnmək istəyir. Qonaq iki ölkə arasında iqtisadi, siyasi, turizm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafının əhəmiyyətli olacağına əminliyini ifadə etdi.
Görüşdə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU