TÜRKMƏNİSTAN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

XƏBƏRLƏR
01 noyabr 2016 | 05:11   
Paylaşın:        

Noyabrın 1-də ölkəmizdə səfərdə olan Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramovanın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə oldu. Əvvəlcə qonaqları Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qəbul etdi.
Vitse-spiker qonaqları salamlayaraq, ölkələrimiz arasında dərin dostluq əlaqələrinin mövcud olduğunu söylədi. O, illər öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Türkmənistanın o vaxtkı rəhbərliyi arasında keçirilən görüşlərin, aparılan danışıqların əhəmiyyətini xüsusi vurğuladı. Qeyd edildi ki, bu gün də bu ənənə yüksək səviyyədə, dövlət rəsmiləri tərəfindən davam etdirilir. Təqdirəlayiq haldır ki, ölkələrimiz nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyirlər.
Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramova qonaqpərvərliyə görə təşəkkür etdi. O, Türkmənistan Parlamenti rəhbərliyinin salamlarını Azərbaycan Milli Məclisinin rəhbərliyinə yetirdi. Q.Bayramova bildirdi ki, nümayəndə heyətinin bu səfəri BMT-nın layihəsi çərçivəsində həyata keçirilir və torpaq islahatları ilə bağlıdır. Biz torpaq idarəçiliyi sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və ondan bəhrələnmək niyyətindəyik.
Türkmənistanın Parlamentinin vitse-spikeri ölkəsinin qanunvericilik orqanı barədə ətraflı məlumat verdi. Bildirildi ki, Məclis 5 il müddətinə seçilir, burada 125 deputat təmsil olunur, hazırda V çağırış parlament üç ildir ki, fəaliyyət göstərir. Qonaq ölkəsi üçün önəmli olan Türkmənistanın neytrallığının 20 illiyinə həsr olunmuş tədbirlər barədə də danışdı.
Söhbəti davam etdirən Valeh Ələsgərov bildirdi ki, hələ ulu öndər Heydər Əliyevin rəhbərliyi zamanında ölkəmizdə torpaq islahatlarına başlanılıb. Bu yaxınlarda “Kooperasiya haqqında” qanun qəbul edilib. Ölkəmizdə fermer təsərrüfatları ilə yanaşı, böyük aqroholdinqlər yaradılır.
Parlament Sədrinin müavini iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, Hökumətlərarası Komissiyanın daha aktiv fəaliyyət göstərməsinin vacibliyini qeyd etdi.  O, ölkəmizin həyata keçirdiyi enerji layihələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri, TANAP qaz layihəsi, Bakı-Tbilisi-Qars dəmiryolu xətti barədə söhbət açdı və bu istiqamətdə əməkdaşlığın əhəmiyyətindən danışdı.
Valeh Ələsgərov Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı  görülən işlər barədə məlumat verdi. Cari ilin aprel ayında təmas xəttində düşmənin təxribat törətdiyini və ordumuz tərəfindən bu hücumların qarşısının layiqincə alındığını diqqətə çatdırdı. O, ölkəmizin  problemin sülh yolu ilə, BMT-nin qətnamələri əsasında həllinə tərəfdar olduğunu vurğuladı və bu məsələdə Türkmənistanın dəstəyinə inamını ifadə etdi.

*     *     *

Həmin gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Türkmənistan nümayəndə heyəti ilə görüşdülər.
Komitənin sədri Aqiyə Naxçıvanlı bildirdi ki, onun rəhbərlik etdiyi komitə parlamentdə yeni yaradılan 4 komitədən biridir. Komitənin əsas fəaliyyət istiqaməti ailə, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsidir. Bu sahəyə dövlət tərəfindən də hər zaman böyük diqqət və qayğı göstərilib. Parlamentdə məişət zorakılığına qarşı, erkən nikahlarla bağlı məsələlərin həlli üçün qanunlar təkmilləşdirilir, maarifləndirici proqramlar həyata keçirilir. Diqqətə çatdırıldı ki, ölkəmizdə gender bərabərliyi mövcuddur və qadınlarımız müxtəlif dövlət orqanlarında, təsərrüfat sahələrində fəal təmsil olunurlar.
Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramova məlumata görə təşəkkürünü bildirdi, səfərin məqsədi barədə danışdı. Ölkə parlamentində qadınların geniş təmsil olunduğunu söylədi. Türkmənistanda ailələrin böyük tərkibdə olduğunu, onların sosial müdafiəsi istiqamətində  dövlət tərəfindən qayğı göstərildiyini dedi.
Görüşdə deputatlar Sahibə Qafarova, Sədaqət Vəliyeva, Dilarə Cəbrayılova, Ağacan Abıyev, Astan Şahverdiyev, Tahir Rzayev iştirak etdilər.

*     *     *

Sonra parlamentin Aqrar siyasət komitəsi üzvlərinin Türkmənistan nümayəndə heyəti ilə görüşü oldu.
Komitə sədri Eldar İbrahimov Milli Məclisin strukturu, tərkibi,  fəaliyyəti, habelə qanunların hazırlanması və qəbulu barədə qonaqlara ətraflı  məlumat verdi. Diqqətə çatdırıldı ki, dünyanın müxtəlif ölkələri, o cümlədən Türkmənistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bildirildi ki, ölkələrimiz arasında münasibətlər həmişə dostluq və qarşılıqlı anlaşma şəraitində inkişaf edib.
Eldar İbrahimov ölkəmizdə aqrar sahədə həyata keçirilən islahatlar barədə söhbət açdı. Bu istiqamətdə ulu öndər Heydər Əliyevin xidmətlərini xüsusi vurğuladı. Qeyd edildi ki, aqrar sahəyə aid 50-dən çox qanun qəbul olunub. Bununla bağlı müxtəlif ölkələrin təcrübəsi öyrənilib.  Bu yaxınlarda “Kooperasiya haqqında” qanun qəbul olunub və bununla əlaqədar komitə üzvləri Almaniyaya səfər etmiş, bu ölkənin təcrübəsi ilə maraqlanmışlar. Sonra qonaqlara kənd təsərrüfatının müxtəlif sahələrinə aid statistik məlumatlar verildi.
Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramova bildirdi ki, Azərbaycanın aqrar sahədəki təcrübəsi Türkmənistan üçün çox maraqlıdır. Qonaq söylədi ki, ölkəsində kənd təsərrüfatının əsas istiqamətləri pambıqçılıq və toxumçuluqdur. Bununla belə, meyvə istehsalı, heyvandarlıq və digər sahələr də sürətlə inkişaf edir.
Söhbətdə tərəflər parlamentlərarası əlaqələrin inkişafı, qarşılıqlı səfərlərin intensivləşdirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi ilə bağlı fikirlərini bölüşdülər.
Görüşdə komitə üzvləri Eldar Quliyev, Mahir Aslanov, Novruzəli Aslanov, Hüseynbala Mirələmov iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU