NATO PA-nın 62-ci İLLİK SESSİYASINDA

XƏBƏRLƏR
18 noyabr 2016 | 03:11   
Paylaşın:        

Milli Məclis Sədrinin birinci müavini, NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov qurumun 62-ci illik sessiyasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdədir.
Sessiya çərçivəsində qurumun Təhlükəsizliyin mülki ölçüsü, Müdafiə və təhlükəsizlik, İqtisadiyyat və təhlükəsizlik, Siyasi, Elm və texnologiya, Daimi komitələrinin iclasları keçiriləcək. Məruzələrdə müasir dövrün ən aktual problemlərinə toxunulacaq, qurumun yaz sessiyasında müzakirə olunmuş məsələlərə bir daha diqqət yetiriləcək. Terrorçuluğa qarşı mübarizədə Avroatlantik imkanların və əməkdaşlığın gücləndirilməsi gündəmdə olacaq, İŞİD-ə qarşı aparılan beynəlxalq hərbi kampaniyalar, dəyişən dünyada Çinin mövqeyi, Fars körfəzində təhlükəsizlik, miqrasiya böhranının nəticələri və digər məsələlər təhlil ediləcək.
Plenar iclasda rəsmilərin çıxışlarından sonra fikir mübadiləsi aparılacaq, təşkilati məsələlərə baxılacaq, qətnamələr qəbul ediləcək.
Milli Məclisin nümayəndə heyəti Cənubi Qafqaz bölgəsində təcavüz və ərazi çağırışları ilə üzləşmiş Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik 7 rayonunun Ermənistan tərəfindən davam edən hərbi işğalı və bunun nəticəsində işğal edilmiş Azərbaycan torpaqlarından qovulmuş bir milyon qaçqın və məcburi köçkünün humanitar böhranı barədə məlumatları iştirakçıların diqqətinə çatdıracaqlar.
Qeyd edək ki, Ziyafət Əsgərovun təşəbbüsü ilə Azərbaycan parlamentinin nümayəndə heyəti sessiyada müzakirəyə çıxarılan qətnamə layihələrindən ikisinə təkliflər irəli sürüb. İllik sessiyada komitələrin qətnamələrinin müzakirəsi zamanı nümayəndə heyətimiz bu təkliflərin dəstəklənməsi istiqamətində fəallıq göstərəcək. Ümumiyyətlə, Milli Məclisin deputatları NATO PA-nın 62-ci illik sessiyasında baxılan bütün məsələlərə Azərbaycanın mövqeyindən münasibət bildirəcəklər.
Səfər noyabrın 22-də başa çatacaq.

 

                                               Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU