MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
27 aprel 2012 | 05:04   
Paylaşın:        

Aprelin 27-də Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədov GUAM-ın Baş katibi Valeriy Çeçelaşvili ilə görüşdü.
Qonağı salamlayan Elton Məmmədov bildirdi ki, GUAM Parlament Assambleyası çərçivəsində əməkdaşlığımız yüksək səviyyədədir. Mütəmadi görüşlərin keçirilməsi və iştirakçı dövlətlər üçün zəruri məsələlərin müzakirə edilməsi daim diqqət mərkəzindədir. Bu sahədə GUAM-ın Katibliyi də daim üzərinə düşən vəzifələri lazımınca yerinə yetirir. Mütəmadi keçirilən tədbirlər GUAM, həm də Baltik ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Qeyd olundu ki, GUAM  PA-nın digər ölkələrlə əməkdaşlığı barədə layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.
Görüşdə diqqətə çatdırıldı ki, təşkilata üzv olan Ukrayna və Gürcüstanda bu il keçiriləcək seçkilərə müşahidəçilərin göndərilməsi üçün bu ölkələr GUAM PA-ya müraciət ediblər və onların müraciətlərinə müsbət cavab verilib. GUAM başqa beynəlxalq təşkilatların da bu seçkilərə müşahidəçilər qrupu göndərməsinə çalışacaqdır.   
Görüş üçün minnətdarlığını bildirən Valeriy Çeçelaşvili GUAM çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirdi. Qonaq qarşılıqlı münasibətlərin inkişafı üçün katibliyin həmişə səylə çalışdığını xüsusi vurğuladı. Bildirdi ki, gələn il Gürcüstan Azərbaycandan GUAM-a sədrliyi təhvil alacaq və gürcü nümayəndə heyəti bu sahədə Azərbaycanın təcrübəsini bölüşmək istərdi.
Sonra görüşdə təşkilat çərçivəsində əməkdaşlığın perspektivləri, qarşıda duran vəzifələr və digər mövzularda fikir mübadiləsi aparıldı. 

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU