MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
29 noyabr 2016 | 03:11   
Paylaşın:        
Noyabrın 28-də Milli Məclisdə ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun nümayəndə heyəti ilə görüş oldu.
Qonaqları salamlayan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov öncə deputat həmkarlarını təqdim etdi. Sonra əməkdaşlıq əlaqələrimizə toxundu. Qeyd etdi ki, Azərbaycan parlamenti obyektivlikdən uzaq və qərəzli münasibətlə üzləşməsi nəticəsində ötən il Avropa Parlamenti və Avronestlə əməkdaşlıq əlaqələrini dayandırmışdı. Qarşı tərəfin ciddi səyləri nəticəsində bu ilin sentyabrında həmin əlaqələr yenidən bərpa olundu. Aparılan danışıqlar nəticəsində 21 sentyabr 2016-cı ildə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Səyyad Kərimi ilə birgə bəyanat imzalandı. Münasibətlərin yenidən bərpasından sonra bu yaxınlarda nümayəndə heyətimiz Strasburqda səfərdə oldu. Komitə sədri vurğuladı ki, biz Avropa ölkələri ilə əməkdaşlığı möhkəmləndirmək üçün əlimizdən gələni əsirgəmirik.
Sonra Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun nümayəndə heyətinin rəhbəri Vinot Karolin çıxış edərək əməkdaşlıq əlaqələrini dəstəklədiklərini bildirdi, münasibətlərin bərpası və möhkəmlənməsi üçün səy göstərdiklərini vurğuladı.
Milli Məclisin deputatı, Avropa İttifaqi-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev qonaqlara Milli Məclislə Avropa Parlamenti arasındakı əlaqələrin yaranma tarixi və inkişaf mərhələləri barədə ətraflı məlumat verdikdən sonra Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Avronest PA-dakı nümayəndə heyətimizin rəhbəri Fuad Muradov fikirlərini bölüşdü.
Sonra Asim Mollazadə, Sevinc Fətəliyeva, Kamran Bayramov, Ülviyyə Ağayeva qonaqları maraqlandıran sualları cavablandırdılar. Tədbirdə deputatlarımız Avropa İttifaqı Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun geniş tərkibli nümayəndə heyəti ilə bir sıra məsələlər ətrafında səmərəli fikir mübadiləsi apardılar.

 

Milli Məclisin
Mətbuat xidməti
  

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU