Azərbaycan-Böyük Britaniya əlaqələri müzakirə olundu

XƏBƏRLƏR
29 noyabr 2016 | 06:11   
Paylaşın:        
Noyabrın 29-da Milli Məclisin  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Ziyad Səmədzadə qonaqları salamlayaraq Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli əlaqələrin tarixindən danışdı. İki ölkənin bütün sahələrdə əməkdaşlığının genişləndiyini vurğulayan komitə sədri 25 il ərzində Azərbaycanın böyük bir yol keçdiyini qeyd etdi. Bildirdi ki, Azərbaycanda yeni iqtisadi sistem qurulub. Böyük Britaniya Azərbaycanda bazar münasibətlərinin qurulmasına böyük dəstək göstərib. Azərbaycanda Böyük Britaniyanın transmilli şirkətlərinin olduğunu deyən Ziyad Səmədzadə diqqətə çatdırdı ki, ölkəmizə qoyulan investisiyalar içərisində Böyük Britaniyanın da özünəməxsus yeri var.
Görüşdə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson Azərbaycanda olmaqdan məmnunluq duyduğunu ifadə etdi. İki ölkə arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirən Baronessa Nikolson, Avropa Şurasında Azərbaycanı dəstəkləyən əsas ölkələrdən birinin Böyük Britaniya olduğunu vurğuladı. Qeyd etdi ki, Böyük Britaniya Azərbaycanla bu istiqamətdə əməkdaşlığını davam etdirəcək.
İki ölkənin parlamentləri arasında olan münasibətlərin inkişaf etdirilməsinin vacibliyinə toxunan qonaq vurğuladı ki, parlament dostluq qrupları bu münasibətlərin daha da dərinləşməsinə xidmət edir.     
Söhbət zamanı bu kimi görüşlərin iki ölkə arasındakı münasibətlərə töhfə verəcəyinə əminlik ifadə edildi.
Görüşdə Milli Məclisin deputatları Ağalar Vəliyev, Əli Məsimli və Aydın Hüseynov iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU