Deputatımız Büro üzvü qismində Almaniyaya, ATƏT PA-nin seçki müşahidə missiyasının rəhbəri olaraq isə Makedoniyaya səfərlər edəcəkdir

XƏBƏRLƏR
05 dekabr 2016 | 05:12   
Paylaşın:        

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak etmək üçün dekabrın 6-dan 8-dək Almaniyanın Hamburq şəhərində səfərdə olacaqdır. Büro iclasında ATƏT PA-nın müxtəlif hesabatları təqdim ediləcək və təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlərə baxılacaqdır. Deputatımız Büro iclasının gündəliyinə uyğun olaraq müzakirəyə çıxarılan məsələlərə aid fikir və təkliflərini bildirəcəkdir.
Daha sonra Azay Quliyev dekabrın 8-dən 13-dək Makedoniyanın Skopye şəhərində səfərdə olacaq, ATƏT PA-nın seçki müşahidə missiyasının rəhbəri qismində bu ölkədə keçiriləcək parlament seçkilərini izləyəcəkdir.
Deputatımız səfər çərçivəsində Makedoniyanın dövlət və hökumət rəsmiləri, seçkilərdə iştirak edən müxtəlif siyasi partiyaların nümayəndələri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, beynəlxalq təşkilatların seçkiqabağı vəziyyətlə bağlı hesabatları ilə tanış olacaqdır. 
Dekabrın 11-də deputatımız seçki məntəqələrində səsvermənin gedişinə və seçicilərin fəallığına diqqət yetirəcək, səslərin hesablanması prosesini izləyəcəkdir. Növbəti gün Azay Quliyev seçkilərin yekununa dair ATƏT PA-nın seçki müşahidə missiyasının rəyini mətbuata təqdim edəcəkdir.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU