PARLAMENTDƏ AŞPA MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİLƏRİ İLƏ GÖRÜŞLƏR KEÇİRİLDİ

XƏBƏRLƏR
12 yanvar 2017 | 06:01   
Paylaşın:        

Yanvarın 12-də Milli Məclis Sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin nümayəndə heyəti ilə görüşdü. Görüşdə qurumun Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak, Monitorinq Komitəsinin katibi xanım Delfin Freyman, Milli Məclisin deputatı Vüsal Hüseynov iştirak edirdilər.
Qonaqları salamlayan Bahar Muradova öncə Yeni il təbriklərini çatdırdı. 2017-ci ildə bütün qitələrdə əmin-amanlıq və sülh olmasını arzuladı. Azərbaycanla AŞPA arasındakı əməkdaşlıq əlaqələrindən söz açaraq qeyd etdi ki, Azərbaycan Avropa Şurasının bərabərhüquqlu üzvü kimi hər zaman öz öhdəliklərinə məsuliyyətlə yanaşıb. Son vaxtlar hər iki tərəf mövcud əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu deyir. Vitse-spiker bildirdi ki, əlaqələrimizin müsbət məcrada inkişafında həmməruzəçilər mühüm rol oynayır.
Yola saldığımız 2016-cı ildə ölkəmizdə və dünyada gedən siyasi-iqtisadi proseslərə diqqət yönəldən Bahar Muradova Azərbaycanda həyata keçirilmiş islahatları önə çəkdi, bir sıra məsələlərin tənzimlənməsində referendumun böyük rol oynadığını vurğuladı.
Milli Məclisin təmsilçilərinə xoş Yeni il arzularını çatdıran Stefan Şennak bildirdi ki, bu günlərdə Azərbaycan üzrə AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi vəzifəsinə təyin olunmalarının bir ili tamam olur. Ona görə də, cənab Sezar Florin Preda ilə birgə bu ilki  fəaliyyətlərinə Azərbaycandan başlamaq qərarına gəliblər.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.  
                                                                                     * * *
Həmin gün Milli Məclisin Avropa Şurası Parlament  Assambleyasındakı nümayəndə heyətinin üzvləri də qurumun Monitorinq  Komitəsinin  həmməruzəçiləri  Stefan Şennak və  Sezar Florin Preda  ilə görüşdülər.
Beynəlxalq  münasibətlər  və  parlamentlərarası  əlaqələr  komitəsinin  sədri, AŞPA-dakı  nümayəndə  heyətinin rəhbəri  Səməd  Seyidov  qeyd  etdi ki,  Türkiyədə  və  dünyada  terror  aktlarının  intensiv hal alması  hər  kəsi  narahat  edir.  Yeni – 2017-ci ilin  demokratiya, insan  hüquqlarının  aliliyi,  vətəndaş  cəmiyyətinin inkişafı, terrorizmlə mübarizə, əmin-amanlığın bərqərar olması  baxımından  həm ümumi  evimiz  olan  Avropada, həm  də dünyada  sülhlə dolu, uğurlu   bir  il olacağına, təhlükəsizlik və sabitliyə gözəl töhfələr verəcəyinə  ümidvarıq.
Qonaqlara Dağlıq Qarabağ  münaqişəsindəki mövcud  durumdan  söz  açan Səməd  Seyidov bildirdi ki, Ermənistan  dayanmadan  işğal  altında  olan Azərbaycan  ərazilərində  qeyri-qanuni  məskunlaşma  aparır. İşğalçı dövlət  BMT-nin və  digər  beynəlxalq  qurumların konkret  olaraq  bununla  bağlı  qətnamələrinə məhəl  qoymur,  hələ də başqa ölkələrdən  gələn  vətəndaşları orada  yerləşdirməyə  davam  edir. Son günlər erməni silahlı qüvvələri tərəfindən sərhədboyu rayonlarda dalbadal baş verən təxribatlar zamanı şəhid  olan Azərbaycan əsgərinin cəsədi iki  həftədən  artıqdır bizə qaytarılmır. Bu da Cenevrə konvensiyasının  prinsiplərinə  ziddir.
AŞPA Monitorinq  Komitəsinin  həmməruzəçisi Stefan Şennak səmimi görüş  üçün  minnətdarlığını  bildirdi. O, Avropa  Şurasına  üzv  olan iki dövlət – Azərbaycanla  Ermənistan  arasında  yaşanan bu  münaqişədən dərin narahatlığını ifadə etdı. Dağlıq Qarabağ münaqişəsində obyektivliyin qorunmasının onların fəaliyyətində önəmli prinsip olduğunu, hesabatlarında əksini tapan məqamların  dürüstlüyünü  səylə  qoruduqlarını  bildirdi.
Görüşdə  Milli Məclisin  deputatları Rafael Hüseynov, Rövşən Rzayev, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sabir Hacıyev, Vüsal Hüseynov,  Fazil Mustafa  və  digər  rəsmi şəxslər  iştirak  edirdilər.   
                                                                                    *  *  *
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə keçirilən görüşdə komitə sədrinin müavini Rövşən Rzayev belə görüşlərin əhəmiyyətli olduğunu dedi. O, AŞPA ilə Milli Məclis arasında münasibətlərin həmişə yüksələn xətlə inkişaf etdiyini söylədi. Azərbaycanın AŞPA ilə əlaqələrin möhkəmlənməsinə böyük önəm verdiyini bildirdi. Diqqətə çatdırıldı ki, Azərbaycan hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu istiqamətində yolunu uğurla davam etdirir.
Söhbət zamanı Rövşən Rzayev qonaqlara Hüquq siyasəti və dövlət quruculuğu komitəsində görülən işlərdən danışdı, komitə üzvlərinin qanun yaradıcılığı sahəsində, habelə müxtəlif beynəlxalq təşkilatlarda səmərəli fəaliyyəti barədə məlumat verdi.
Həmməruzəçilər öz çıxışlarında səfər zamanı nəzərdə tutulan işlərdən söhbət açdılar. Ölkəmizdə həyata keçirilən quruculuq prosesindən, aparılan islahatlardan məmnunluqlarını ifadə etdilər. Qonaqlar bildirdilər ki, təmsil etdikləri qurum müstəqil Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir və gələcəkdə də qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətindədir.
Söhbətdə tərəfləri maraqlandıran bir sıra aktual məsələlər ətrafında  fikir mübadiləsi aparıldı.
Görüşdə deputatlar Sabir Hacıyev və Vüsal Hüseynov iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU