MİLLİ MƏCLİDƏ İRANLI DEPUTATLARLA GÖRÜŞ KEÇİRİLDİ

XƏBƏRLƏR
17 yanvar 2017 | 06:01   
Paylaşın:        

Yanvarın 17-də Milli Məclisdə Azərbaycan və İran İslam Respublikasının parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvləri arasında görüş keçirildi.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, İranla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov iranlı həmkarlarını səmimi salamlayaraq, onlara ölkələrində bu il keçirilən parlament seçkilərində qələbə qazanmaları münasibəti ilə Milli Məclis  rəhbərliyinin təbriklərini çatdırdı və gələcək fəaliyyətlərində uğurlar dilədi.
Eldar İbrahimov Milli Məclisin fəaliyyəti barədə iranlı deputatlara ətraflı məlumat verdi. Bildirildi ki, ölkələrimiz arasında sıx əlaqələr hələ ulu öndər Heydər Əliyevin zamanında qurulub və bu gün də uğurla inkişaf etdirilir. İki ölkənin parlament sədrlərinin xoş münasibəti sayəsində qanunverici orqanlar qarşılıqlı faydalı əməkdaşlıq edirlər. 2003-cü ildən başlayaraq ölkədə bütün sahələrdə quruculuq işləri aparılır, böyük uğurlar əldə olunub. Regionların  inkişafına dair bir sıra proqramlar həyata keçirilib. Azərbaycanda mövcud olan sabitlik sayəsində ölkəmizdə müxtəlif beynəlxalq konfranslar, idman yarışları keçirilir.
Diqqətə çatdırıldı ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” kimi qeyd olundu. Ölkədə yaşayan müxtəlif xalqların, dini konfesiyyaların nümayəndələrinə olan nümunəvi münasibət mədəniyyətlərarası dialoqun qurulmasına xidmət edir. 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edilib. Ölkəmizdə İslam dini dəyərlərinə həmişə qayğı ilə yanaşılıb. Cari ildə  ölkənin paytaxtı Bakı şəhərində İslam Həmrəyliyi Oyunları baş tutacaq. Bir çox dünya dövlətlərinin idmançıları müxtəlif növlər üzrə yarışlarda  mübarizə aparacaqlar.
Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı İranın ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini təqdirəlayiq hal kimi qiymətləndirdi.
İran parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Salman Xodadadi qonaqpərvərliyə görə nümayəndə heyəti adından təşəkkür etdi.  Qrupda parlamentin nüfuzlu üzvlərinin təmsil olunduğunu dedi.  Məlumat verildi ki, parlamentin 290 üzvü var.
Qonaq Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin İran İslam Respublikasının sabiq prezidenti Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar verdiyi başsağlığına görə minnətdarlığını ifadə etdi. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə Azərbaycan nümayəndə heyətinin İranda bu münasibətlə keçirilən mərasimlərdə iştirakına görə təşəkkür etdi.
Salman Xodadadi Azərbaycana olan məhəbbətini ifadə edərək, illər öncə Naxçıvana səfər etdiyini və burada ulu öndər Heydər Əliyevlə dəfələrlə görüşdüyünü xoş təəssüratlarla yada saldı. O, bu gün ölkəmizdə bütün sahələrdə müşahidə olunan dinamik inkişafı təqdirəlayiq hal hesab etdi.  İki ölkə prezidentlərinin son üç il ərzində 7 dəfə görüşdüyünü nəzərə çatdıran qonaq, bunun münasibətlərin möhkəmləndirilməsində əlamətdar hadisə kimi dəyərləndirdi.
Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli çıxışında ölkələrimiz arasında elmi əlaqələrin inkişafı istiqamətində görülən işlər barədə söhbət açdı, bu sahədə təcrübə və informasiya mübadiləsi baxımından müxtəlif layihələrin həyata keçirilməsinin vacibliyini söylədi.
Görüşdə Milli Məclisin deputatları Aydın Mirzəzadə, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, İranın ölkəmizdəki səfiri Cavad Cahangirzadə və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU