Fransa Senatoru Azərbaycan haqqında

XƏBƏRLƏR
17 yanvar 2017 | 06:01   
Paylaşın:        

Fransa Respublikasının Senatoru, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü xanım Natali Qule 2015-2016-cı illər üzrə senatorluq fəaliyyətinə dair hesabatını təqdim etmişdir. Xanım Senator ötən 2 il ərzində Fransa Senatının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü kimi göstərdiyi fəaliyyətini şərh edərək Fransa-Azərbaycan münasibətlərinə də öz hesabatında geniş yer ayırmışdır.
Normandiya regionunun Orn departamentinin senatoru  xanım Natali Qule öz hesabatında Azərbaycanla Fransa arasında əməkdaşlığın qarşılıqlı və faydalı olduğunu vurğulayır. Bu əməkdaşlıq çərçivəsində Azərbaycanın Aşağı Normandiya Regionunun Mirasları Fonduna göstərdiyi dəstəyi və Heydər Əliyev Fondu tərəfindən Fransada Azərbaycanın tanıtımı üzrə çoxsaylı mədəni-kütləvi tədbirlərin həyata keçirməsini ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı kimi xarakterizə edir.
Roma Papasının 2016-cı ilin oktyabr ayında ölkəmizə səfərinə xüsusi  diqqət çəkən senator əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycanın Vatikanla da sıx əlaqələri olduğunu və əməkdaşlıq etdiyini vurğulamışdır. Azərbaycan tərəfindən Vatikanda bir sıra dini abidələrin bərpası üzrə layihələrin gerçəkləşdirilməsini xanım Qule Azərbaycanda mövcud dini tolerantlığın və multikulturalizmin ən bariz nümunəsi kimi səciyyələndirmişdir. Çoxmillətli ölkə olan Azərbaycanda siyasi və iqtisadi sabitliyin mövcudluğunu qeyd edən senator ölkədə həyata keçirilən geniş miqyaslı iqtisadi, siyasi  islahatların ölkələrimizarası münasibətlərin davamlı inkişafına yeni töhfələr verəcəyinə inamını ifadə etmişdir.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU